Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Tələbə-Gənclər Həftəsinə start verilib

Naxçıvan şəhərindəki Gənclik Mərkəzində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, Heydər Əliyev adına Hərbi Lisey kursantlarının iştirakı ilə “Köhnə çamadanlar” tammetrajlı bədii filmi nümayiş olunub.

Real hadisələr əsasında çəkilən filmin qəhrəmanları müharibənin həyatlarında dərin ağrılı iz buraxdığı müxtəlif qadınlar – şəhid anası, şəhid bacısı, həyat yoldaşı, döyüşçü, həkim, əsir və köçkün qadınlardır. Filmdə bu qadınların həyatlarının müharibə dövrü bütün reallıqları ilə öz əksini tapır. Nikbin sonluqla bitən lirik-psixoloji dramda xalq artistləri Məmməd Səfa, Qabil Quliyev, Pərvanə Qurbanova, əməkdar artistlər Gülzar Qurbanova, Şəfəq Əliyeva, Zemfira Əbdülsəmədova, həmçinin digər görkəmli teatr və kino xadimləri, məşhur aktyorlar rol alıblar.

Ekran əsərində İkinci Qarabağ müharibəsi iştirakçıları və qaziləri, eləcə də sərhəd qoşunlarında hazırda xidmətini davam etdirən hərbçilərimiz aktyor kimi özlərini sınayıblar. 90 nəfərə yaxın heyəti olan filmdə sağlamlıq imkanları məhdud 20-dən çox şəxs iştirak edib.

Qeyd edək ki, film nümayişi Gənclər və İdman Nazirliyi ilə Gənclər Fondu tərəfindən 10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi çərçivəsində təşkil olunan ilk tədbirdir. Bu müddət ərzində gənclər üçün maraqlı yarışmalar təşkil olunacaq, fərqlənən iştirakçılar mükafatlandırılacaqlar.

admin

Related Posts