Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin X Regional Konfransı keçirilib

Naxçıvanda Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin X Regional Konfransı keçirilib

Əvvəlcə konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, ehtiramlarını bildiriblər.

Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı məlumat verilib ki, ümumilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə səhiyyənin inkişafına diqqət və qayğı göstərib, bu sahədə ardıcıl islahatlar aparılıb. Diqqətə çatdırılıb ki, oftalmologiyanın inkişafında xüsusi xidmətləri olan akademik Zərifə Əliyeva bu sahədə bir sıra qiymətli tədqiqatlar aparıb. Zərifə xanım özünün çoxillik fəaliyyəti dövründə neçə-neçə gözə şəfa bəxş edib, ən ağır, mürəkkəb əməliyyatlar aparıb, görmə qabiliyyəti zəif olanların, yaxud tamamilə görməyənlərin qaranlıq dünyasını işıqlandırıb. Muzeydə ulu öndərin həyat və fəaliyyətinə, onun ailəsinə, görkəmli oftalmoloq alim Zərifə xanıma aid fotolar, ədəbiyyatlar və digər eksponatlar da qonaqların marağına səbəb olub.

Sonra konfrans öz işini Naxçıvan Muxtar Respublika Xəstəxanasında davam etdirib. Konfransda akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşları və Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbə və rezidentləri iştirak edib.

Konfransda Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov bildirib ki, muxtar respublikaya dəvət edilən peşəkar oftalmoloqlarla aparılan müzakirələrdə, regional konfranslarda əsas məqsəd kimi oftalmologiyanın beynəlxalq standartlara uyğunlaşdırılması diqqətdə saxlanılıb. Mütəmadi olaraq Milli Oftalmologiya Mərkəzinin professor həkim heyətinin muxtar respublikada seminar və konfranslar təşkil etməsi, müayinələrin və əməliyyatların aparılmasında iştirakı yerli oftalmoloqların bu sahədə tibbi biliklərinin təkmilləşməsində əvəzsiz rol oynayır. Bundan sonra da bu əməkdaşlığın davam etdiriləcəyini vurğulayan nazir konfransın gedişatına uğurlar arzulayıb.

Naxçıvan Dövət Uniersitetinin rekoru Elbrus İsayev çıxış edərək muxtar respublikada kadr potensialının təkmilləşdirilməsində və muxtar respublikanın tibbi kadrlara olan tələbatının ödənilməsində Naxçıvan Dövlət Univerisitetinin Tibb fakültəsinin mühüm rol oynamasından, vaxtaşırı tibbi dərnək və cəmiyyətlərlə belə tədbir və konfransların təşkilindən danışıb.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov çıxış edərək Azərbaycanda oftalmologiya sahəsində bir çox yeniliklərin tətbiq olunduğunu, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin filiallarının ən son texnoloji avadanlıqla təchiz edildiyini, klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqların bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olduqlarını, mərkəz tərəfindən pasiyentlərə regionlarda səyyar xidmət göstərildiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, oftalmologiyada konyunktivit, uveit, katarakta, qlaukoma, blefarit, çəpgözlük, zəifgörmənin bütün növləri, keratit xəstəlikləri ilə bağlı yüksək səviyyədə irəliləyişlərin əldə edilməsi ilə yanaşı, problemlər olan sahələr də mövcuddur.

Konfransda çıxış edən həkim oftalmoloqlar müasir oftalmologiyanın son nailiyyətlərindən, problemlərindən danışıblar.

Tədbirdə muxtar respublika oftalmoloqlarının qarşılaşdıqları çətinliklərdən də söz açılıb, fikir mübadiləsi aparılıb.

Konfrans öz işini oftalmoloqların mövzu ilə bağlı məruzələri və çıxışları ilə davam etdirib.

Qeyd edək ki, həkim oftalmoloqlar göz xəstəliklərindən əziyyət çəkənlər üçün aksiya təşkil edərək onlarda müayinə və müalicələr aparıblar.

admin

Related Posts