Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Susmasam, mövzu tərbiyəsizləşəcək”

“Özümü sənətin zirvəsində, ortasında, altında, harasındasa hiss etmirəm. Bildiyim bir şey var ki, sevilirəm…”

Müğənni Sevda Sanaliyeva moderator.az-ın suallarını cavablandırıb.

  • Sevda xanım, vaxt var idi klipləriniz ard-arda çəkilirdi. Bu gün nəinki sizdə, digər sənətçilərimizdə də klip çəkdirmək ən-ənəsi qalmayıb. Sizcə bu nə ilə əlaqədardır?
  • Bəli, o illərdə mahnılarım da, kliplərim də ard-arda işıq üzü görürdü. Daha sonra kliplərə tələbat azaldı. Bu da yəqin ki, texnikanın daha da inkişaf edib, sosial şəbəkələrin yaranması ilə bağlı oldu. Vaxt var idi ki, insanlar klipləri izləmək üçün televiziyalarda xüsusi klip saatlarının vaxtını gözləyirdilər. Daha sonra istədikləri vaxt yutuba daxil olub, istədikləri kliplərə baxmaq imkanı yarandı. Bu gün də çalışırıq. İki yeni mahnı yazdırmışam, studiyaya girib ifa etməyim qalıb. Biri həzin mahnıdır, digəri isə ritmikdir. Bu iki mahnıya ümidlərim çoxdur. Həzin mahnım hazır olan kimi inşallah klip də çəkdirəcəm.
  • İnsanın həyatı heç vaxt asan olmur, o bəzən çox sınaqlar qarşısında qalır. Amma övladları ona bir başqa dayaq, güc olur. Maşallah, sizin də iki övladınız var. Onların sizin dünyanıza gəlməyi həyatınızda nələri dəyişdi?
  • Allah bütün balaları qorusun, mənimkilər də içində. Övladlarımın dünyama gəlməsi mənim həyatımda hər şeyi dəyişdirdi. Gözümü açandan anamın xəstəliyi ilə bağlı üzərimdə böyük məsuliyyət hiss etdiyimdən heç vaxt özümü düşünə bilməmişəm. Nə qədər mücadilə etsəm də anam dünyasını dəyişdi. Sonra isə mənim övladlarım dünyaya gəldi və onlara görə yaşamağa başladım. Həyatda heç vaxt özümə görə yaşamamışam. Mənim bütün həyatımın mənası, yaşamağımın, gülməyimin, həyəcanımın, xoşbəxtliyimin, işləməyimin, güclü olmağımın-bir sözlə hər şeyin səbəbi mənim övladlarımdır. Anamı itirəndən sonra onları tapmasaydım mənim həyatda yaşamağa gücüm olmazdı. Onlara görə yaşadım. Allaha şükürlər edirəm ki, həyatımda o və iki sevdiyim balam var.
  • Xoşbəxt olmaq üçün mütləq insanın həyat yoldaşı olmalıdır?
  • Xeyr! Bunun heç bir aidiyyatı yoxdur. Ailə həyatı qurmamış da insan sevib-sevilə bilər, ailə həyatı qurandan sonra da xoşbəxt ola bilər. Və yaxud da ailə həyatı qurub xoşbəxt olmaya da bilərsən.
  • Sənət dostluqlarına inanırsınız?
  • Nəinki sənətdə, ümumiyyətlə, mənim dostluqlara inamım yoxdur. Yaxın tanışlıq, xətri çox istəyib hörmət qoymaq başqa şeylərdir. Amma dostluq elə bir şeydir ki, nə qədər də bir-birimizi çox istəsək də, uğurum uğurundan çox olsa, mənim balam sənin balandan daha çox xoşbəxt olsa istər-istəməz orada həsəd, kin olacaq. Kinin, paxıllığın olmaması mümkün deyil. Ona görə də xətrini, şəxsiyyətini çox istədiyim, işinə hörmət qoyduğum insanlar var, amma mən hər kəslə arama bir sədd, sərhəd çəkmişəm. O sərhədi heç kəsə icazə vermərəm ki, keçsin. Sərhədin bu tərəfində bir Allahdır, bir mən, bir də balalarım.
  • Güvənib, inanıb zərbə almısınız?
  • Bəli. Mümkün deyil ki, bu kimdəsə olmasın. Əgər biz zərbələri almasaq möhkəmlənə, güclənə bilmərik. Bu həm şəxsi həyatımda, həm də sənət həyatımda başıma gəlib. Mahnı almışam, sonradan eşitmişəm ki, o mahnını 4 nəfərə satıblar. Bu zərbəni də xeyirliyə yozmuşam. Çünki Allah istəsəydi mən o zərbəni almazdım, o mahnı mənim olardı. Demək ki, mən nədəsə zəif olmuşam ki, Allah o zərbəni istəyib mənə vursunlar ki, mən ayılım, güclənim. İnsan yıxıla-yıxıla, büdrəyə-büdrəyə güclənir. Mən buna çox inanıram. Güclü olmağımın ən əsas səbəblərindən biri də budur.
  • Dostluqların pozulmasının səbəbi sizdən asılı olub yoxsa qarşı tərəfdən?
  • Bir dəfə dostluq etmişəm. O da 20 il əvvəl olub. O vaxt gənclik illərim idi. Bu dostluğun pozulmasında günahkar mən olmamışam. Mənə qarşı olan paxıllıq, xainlik olub. Mən yenə də dəfələrlə bağışlamışam, üstündən keçmişəm, görmüşəm ki, alınmır. Əsəbi insan olsam da xasiyyətim mülayimdir, ürəyim yumuşaqdır. Azdan-çoxdan məni tanıyanlar bunu bilirlər.
  • Özünüzü sənətin zirvəsində hesab etmisiniz?
  • Özümü sənətin zirvəsində, ortasında, altında, harasındasa hiss etmirəm. Bildiyim bir şey var ki, sevilirəm. Siz bilirsiniz də ara-sıra gəlib çəkilirəm, gedirəm. Mən insanların gözünü yormağı, mazol etməyi sevmirəm. Yeni mahnılarım olursa efirlərə çıxıb tanıdıram. Çox köhnə mahnılarla efirlərə çıxmağın tərəfdarı deyiləm. Dəfələrlə efirlər məni dəvət edirlər, getmirəm, gözləyirəm ki, yeni mahnılarım çıxsın, sonra gedim. Sənətdə zirvə görmürəm. Sevilən görürəm, sevilməyən görürəm, qəbul olunan görürəm və qəbul olunmayan görürəm. Baxmayaraq ki, illərdir pul töküb, amma heç qəbul olunmayanlar da var. Zirvə deyilən anlam şifahi dildədir. Allahımıza şükürlər olsun ki, 22 ildir müğənniliklə evimə pul gətirirəm, balarımı oxuduram. Bu günə qədər yaratdığım şəraitim, imkanım hamısı sənətimdən gəlirsə demək ki, mən öz dünyamda sənətimin zirvəsindəyəm.
  • Sənətdə bəyənmədiyiniz nələr var?
  • Çox şeylər var. Ona görə də bəzən insan bu sənətdən soyuyur. Bir çox sənət yoldaşlarım kimi mən də buna susuram. Soruşsanız ki, niyə susursunuz? Susmasam desəm cavab veriləcək, cavab verilsə gərək mən də cavab verim. Mən bunu edə bilməyəcəm. Mövzu tərbiyəsizləşəcək, səviyyəsizləşəcək. İnsanların məni başqa cür tanımaqlarını istəmirəm. Bunun axırı hara gedir, necə olacaq bilmirəm?! Çox çox tərbiyəsizlik var. Tərbiyəsiz danışanlardan, söyüş söyənlərdən o qədər şikayətçiyəm ki! Əlbəttə ki, hamı hirsələndə aqressivləşir, söyüş söyür, amma bunu sosiallaşdırmaq, insanların şəxsi həyatını üzə çıxarmağın əleyhinəyəm. Biz göz önündəyiksə o barədə danışıb gənclərə, bizi izləyənlərə pis nümunə olmamalıyıq. Bizim sənətdə pis insanlar varsa, demək ki, başqa sahələrdə də var. Amma onları açıb göstərmək və yaxud da üzə çıxarmaq, dildə söyüşlər söymək, məni o qədər məyus edir ki. Həmin xanımlara baxırsan, o qədər gözəl xanımdırlar ki, adamın heyifi gəlir ki, bu sözü ağzından o çıxardır. İnşallah ki, hər şey yaxşı olar. Mən sülh tərəfdarıyam, davanı sevən insan deyiləm. İnşallah ki, bir çox şeylərə qadağa qoyular.

admin

Related Posts