Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Gənc rəssam şəhidlərin evinə gedib şəkillərini divara çəkir 

Gənc rəssam şəhidlərin evinə gedib şəkillərini divara çəkir 

27 sentyabr 2020-ci il… O gün Azərbaycanın tarixində, qəhrəmanlıq salnaməsində yeni səhifə açdı. Bu səhifə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü, ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı. O gün Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı. 44 gün davam edən müharibə nəticəsində, şəhid və qazilərin qanı və canı bahasına ölkəmizin ərazi bütövlüyü bərpa olundu, düşmən tapdağında qalan torpaqlarımız azadlığa qovuşdu və 30 illik həsrətə son qoyuldu. Bizlərə bu xoşbəxtliyi bəxş edən, eləcə də əmin-amanlığımız üçün canını verən bütün şəhidlərimizin haqqı ödənilməzdir. Hər kəs bacardığı qədər onlara hörmətini bildirməyə çalışır.

27 yaşlı Tural Səlimzadə də rəssamlıq istedadı ilə onların xatirəsini özünəməxsus tərzdə əbədiləşdirir.

Belə ki, əslən kəlbəcərli olan, hazırda Göygöldə yaşayan rəssamımız ölkənin müxtəlif bölgələrindəki şəhid ailələrinin qonağı olub, evlərinin divarlarında qəhrəmanlarımızın portretini çəkir.

Onun həvəslə yaratdığı əl işlərinə heyrətlənməmək olmur. Portretlərin hazırlanması bəzən iki gün vaxtını alır. Rəssam bu işi sifarişlə ofis, restoran və digər məkanlarda da edir.

Tural çəkdiyi rəsmləri özünün “İnstagram” səhifəsində paylaşaraq, hər şəhid haqqında məlumat verməklə də onları insanlara tanıtmağa çalışır.

Bu yaxınlarda doğma yurdu Kəlbəcərdə olan Səlimzadə bu sözləri yazıb:

“Payızda başlamışdı Vətən müharibəsi, elə payızda da sona yetdi. 44 günlük Vətən savaşı 30 illik işğala son qoymaqla tarixə Böyük Zəfərlə yazıldı. Bu Zəfərin qazanılmasında yüzlərlə Vətən oğlu qəhrəmanlıq, igidlik nümunələri göstərdilər.

Bugün biz rahat-rahat torpaqlarımıza ayağımızı qoyuruqsa, onlara və qazilərə borcluyuq. Sizlərin haqqı ğdənməzdir. Hər zaman sizləri yaşatmaq bizlərin borcudur.

Bu Vətən torpağın qara bağrında sıra dağlar kimi duranlarındır.
Bir tarix boyunca onun uğrunda özünü tarixə verənlərindir.

Bayrağı sancan oğullar sancdı. Ora getmişəmsə də, qonaq olduğum yerdə uğrunda canlarını fəda verdikləri bayrağı çəkməyə bilməzdim”.

Editor

Related Posts