Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

İlham Əliyev Bakıda görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılışında iştirak edib 

İlham Əliyev Bakıda görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılışında iştirak edib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Bakıda görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin abidəsinin açılışında iştirak edib.

Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev deyib:

“Sabahınız xeyir olsun. Bu gün biz görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılışına toplaşmışıq. Şəhərimizin mərkəzində ucaldılan bu abidə Azərbaycan xalqının dahi bəstəkar Tofiq Quliyevin xatirəsinə olan hörmətinin əlamətidir. Həqiqətən Tofiq Quliyevin əsərləri Azərbaycan mədəniyyət aləmində bir inqilab etmişdir. Tofiq Quliyev həm görkəmli bəstəkar, həm Azərbaycanda caz sənətinin banisi də adlandırıla bilər. Eyni zamanda, böyük mədəniyyət xadimi Tofiq Quliyev Azərbaycan xalqının sevgisini qazanmışdır.

Onun əsərləri doğrudan da bizim böyük sərvətimizdir. Bu əsərlər ölməz əsərlərdir, bu gün də səslənir, bundan sonra da uzun illər ərzində səslənəcək. Çünki bu əsərlərin mahiyyətində həm Tofiq Quliyevin istedadı, eyni zamanda, Azərbaycan xalqına, doğma Bakı şəhərinə olan məhəbbəti dayanır. Tofiq Quliyev öz xalqına çox bağlı idi, onun Azərbaycan, Bakı haqqında əsərləri bunu göstərir. Eyni zamanda, onu tanıyanlar yaxşı bilirlər ki, çox gözəl insan, gözəl ziyalı idi, sözün əsl mənasında, böyük mədəniyyət xadimi idi və öz fəaliyyəti, öz əsərləri, Azərbaycanın ictimai həyatındakı rolu ilə tarixdə öz layiqli yerini tutmuşdur.

Tofiq Quliyevin xatirəsi Azərbaycanda əbədiləşdirilmişdir. Onun yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur, şəhərimizin küçələrindən birinə onun adı verilmişdir, eyni zamanda, musiqi məktəbi də onun adını daşıyır və bu gün bu gözəl abidə ucaldılır. Onu da bildirməliyəm ki, Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Tofiq Quliyevə Azərbaycanın ovaxtkı ən ali ordeni olan “İstiqlal” ordeni verilmişdir.

Atam Heydər Əliyevi Tofiq Quliyevlə sıx dostluq əlaqələri bağlayırdı. Onlar onilliklər ərzində bir-birinə böyük hörmət göstərən insanlar idi. Baxmayaraq ki, Heydər Əliyev Azərbaycanın ovaxtkı Kommunist Partiyasının rəhbəri idi, ondan sonra müstəqil Azərbaycanın Prezidenti idi, Tofiq Quliyev isə ömrü boyu siyasətdən uzaq bir insan idi. O, sadəcə olaraq, öz yaradıcılığı ilə Azərbaycana həm sovet dövründə, həm müstəqillik dövründə o qədər böyük töhfə vermişdi ki, hamımız, hətta onu tanımayanlar da onun obrazını özümüz üçün çox əziz və yaxın tuturduq. Atam isə onu yaxından tanıyan insan kimi bilirdi ki, Tofiq Quliyev nə qədər böyük insani keyfiyyətlərə malik idi.

Onların dostluğu çox təbii idi, səmimi idi, təmənnasız idi, əsl dostluq idi. Tofiq Quliyevin 80 illik yubileyində Ulu Öndər Heydər Əliyev məşhur sözləri demişdir, yəqin ki, hamımız o sözləri xatırlayırıq – biz hamımız dünyadan gedəcəyik, ancaq Tofiq Quliyevin musiqisi daim yaşayacaqdır. Artıq o gündən 26 il keçib və nə qədər dəqiq, həqiqətə uyğun sözlərdir, indi biz bunu bir daha görürük. Heç birimizdə şübhə yoxdur ki, əsrlər keçdikcə bu unudulmaz musiqi, bu mahnılar, Azərbaycan xalqının musiqi istedadını əyani şəkildə göstərən əsərlər yaşayacaq, bizi və sonrakı nəsilləri sevindirəcək.

Mən bu gözəl hadisə münasibətilə, ilk növbədə, Tofiq Quliyevin ailə üzvlərini, Azərbaycan musiqi ictimaiyyətini və bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Sağ olun”.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək deyib:

“Möhtərəm cənab Prezident, çox sağ olun bu sözlərə görə.

Tofiq müəllim nəinki dahi bəstəkar, dahi ictimai xadim idi, mənim üçün, Polad üçün o, Tofiq əmi idi. Biz ona belə deyirdik. Uşaqlıqdan “dyadya Tofiq” deyirdik.

Əlbəttə, mən piano sənəti ilə məşğul olan bir insanam. Qeyd etməliyəm ki, o, dahi bir pianoçu idi. Çünki Aysberq kimi professor Bakıda, Neyqauz kimi dahi professor Moskvada onun müəllimləri idi. Baxmayaraq ki, Tofiq müəllim gündə iki-üç saat çalmırdı, Akademiyamıza gələndə piano arxasında bir passaj ifa edəndə biz hamımız məəttəl qalırdıq. Praktika ilə heç məşğul olmayan bu insan necə belə dahi bir pianoçu idi.

Əlbəttə, mən xoşbəxtəm ki, son illər o, bizim fəxri professorumuz idi. Hər dəfə Akademiyaya gələndə onun hansısa bir mühazirəsi olmurdu, sadəcə, biz yığışırdıq və Tofiq müəllim musiqi tarixindən, Qara Qarayev, Niyazi, Fikrət Əmirov haqqında əhvalatlar danışırdı, çünki o, canlı bir ensiklopediya idi. Mən çox danışmaq istəmirəm, çünki məndən sonra Polad da danışacaq. Mən, sadəcə, demək istəyirəm xoşbəxtəm ki, onunla təmasda olmuşam. Xoşbəxtəm ki, onun bir çox premyeralarında iştirak etmişəm, atam rejissor kimi, mən də tamaşaçı kimi. Xoşbəxtəm ki, bir-iki həftə öncə Vyanada konsertdə mən onun məşhur “Qaytağı”sını ifa etdim. Yenə də bütün avropalılar məəttəl qalırlar, bu, nə gözəl əsərdir. Xoşbəxtəm ki, vaxtilə bu əsəri – “Qaytağı”nı mənə həsr edib və indi bütün dünyada pianoçular bu əsəri ifa edirlər.

Yəni, Tofiq müəllim belə insan idi. Ulu Öndər o ordeni ona xəstəxanada təqdim etmişdi, gedib ona baş çəkmişdi və təbrik etmişdi. Bilirsiniz, bu, çox təsirli idi, biz onu həmişə xatırlayırıq.

Fürsətdən istifadə edib sonda Sizə “Çox sağ olun!” demək istəyirəm ki, Bülbülün heykəlini, Rəşid Behbudovun heykəlini, Qara Qarayevin, Fikrət Əmirovun heykəlini məhz Siz açmısınız bizimlə bir yerdə. Biz 1982-ci ilin qışında Şuşada Ulu Öndərlə bir yerdə Vaqifin məqbərəsinin açılışında iştirak edirdik. Çox yaxşıdır ki, 100 ildə keçsə, bu insanların heykəlləri duracaq. Tofiq müəllim bax, burada dayanacaq və onun musiqisi bütün dünyada yenə də səslənəcək. Çox sağ olun”.

Sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlu, Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə və Tofiq Quliyevin qızı Lalə Quliyeva çıxış ediblər.

Daha sonra Prezident İlham Əliyev Tofiq Quliyevin ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri ilə söhbət edib.

Onlar Azərbaycanda mədəniyyət və incəsənət sahəsinə göstərdiyi yüksək diqqət və qayğıya, eləcə də Bakının mərkəzində Tofiq Quliyevin abidəsinin ucaldılmasına görə dövlətimizin başçısına bir daha minnətdarlıqlarını bildiriblər.

Editor

Related Posts