Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

AZƏRTAC Aygün Əliyeva ilə bağlı açıqlama yaydı – Yenilənib

AZƏRTAC Aygün Əliyeva ilə bağlı açıqlama yaydı – Yenilənib

AZƏRTAC sabiq müxbiri Aygün Əliyeva ilə bağlı məsələyə açıqlama verib.

Qurumun yaydığı məlumatda bildirilib ki, AZƏRTAC-ın İtaliya üzrə sabiq müxbiri Aygün Əliyeva 2020-ci ildə işdən azad edilməsi ilə bağlı məhkəməyə müraciət edib və indiyədək bu proses davam edir.

“2022-ci ilin noyabrında AZƏRTAC-a yeni təyin edilən sədr Vüqar Əliyev Aygün Əliyevaya bu işdə barışıq təklif edib və bir neçə dəfə onunla şəxsən danışıb. Aygün Əliyevaya onun işdən çıxarılma əmrinin ləğv edilməsi və AZƏRTAC-da işə götürülməsi təklif olunub. Buna baxmayaraq, Aygün Əliyeva məhkəmə prosesinin davam etdirilməsində maraqlı olduğunu bildirib.

Aygün Əliyevanın və vəkili Bəhruz Bayramovun guya ona iş təklif edilmədiyi barədə açıqlamaları həqiqəti əks etdirmir və bu cür iddialar təəssüf doğurur. AZƏRTAC-ın rəhbərliyi bu işin qanun çərçivəsində həll edilməsinin tərəfdarıdır”, – qeyd olunub.

O da bildirilib ki, hazırda AZƏRTAC-da kadr islahatları aparılır. Eyni zamanda, agentliyin xarici ölkələrdəki müxbirlərinin fəaliyyətinə yenidən baxılır: “Onların bir çoxunun vaxtilə necə təyin olunması suallar doğurur və bu istiqamətdə agentlikdə araşdırmalar davam etdirilir”.

Xatırladaq ki, Aygün Əliyevanın intihar məqsədilə xeyli həb qəbul etdiyi barədə məlumatlar yayılıb. TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Aygün Əliyeva bu gün saat 11:45 radələrində dərman zəhərlənməsi diaqnozu ilə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

İlkin tibbi yardım göstərilib, hazırda müalicəsi davam etdirilir.

***16:06
AZƏRTAC-ın keçmiş əməkdaşı Aygün Əliyevanın son durumu açıqlanıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Məlumatda bildirilib ki, 1982-ci il təvəllüdlü vətəndaş 27.02.2023-cü il tarixində saat 11:45 radələrində dərman zəhərlənməsi diaqnozu ilə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib:

“İlkin tibbi yardım göstərilib, hazırda müalicəsi davam etdirilir”.

***15:10
AZƏRTAC-ın keçmiş əməkdaşı Aygün Əliyeva intihara cəhd edib.

Keçmiş müxbir intihar etməzdən əvvəl bu barədə feysbuk profilində yazıb.

“Vəssalam. Məni aldatdılar. Artıq stimulum yoxdur. Mənim ölümümdə günahkar Azərbaycan Respublikasının Ali Məhkəməsi və konkret olaraq Ramiz Rzayev, “Azertac News Agency”nin keçmiş rəhbəri, milyon manatlarla dövlət vəsaiti mənimsəmiş Aslan Aslanov və onun siyasətini davam etdirən, haqqa girməyə davam edən Vüqar Əliyevdir. Mən çalışdım. Haqq və ədalətin bərpasını ölkəmin ali hüququ ilə bərpa etmək üçün əlləşdim. İş üçüncü dəfə absurd qərarla yenidən Apellyasiya Məhkəməsinə və bir ay geri tarixlə dünən göndərildi. Olmadı. Şərəfimə, ləyaqətimə kölgə salmağa çalışdılar. İcazə vermirəm. Mənim iki qızım var və onların anası ləyaqətli qadındır. Onları qoyub getdiyim üçün məni bağışlamayacaqlar. Bilirəm. Bu, ikinci cəhdim olacaq və bu dəfə bitəcək. Səbəbkarlar cəzalarını alsınlar”, – A.Əliyeva bildirib.

A.Əliyevanın həyat yoldaşı, tanınmış jurnalist Teymur Əliyev “Qafqazinfo”ya açıqlamasında həyat yoldaşını huşsuz vəziyyətdə xəstəxanaya çatdırdığını deyib:

“Bu gün səhər işdən evə gələndə həyat yoldaşımın huşsuz vəziyyətdə qaldığını gördüm, yanında dərman qabları var idi. Nə qədər çalışsam da, onu oyada bilmədim, təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirmişik. Mənə hələ ki, heç nə deməyiblər, həkimin çıxıb məlumat verməsini gözləyirik”.

Bildirilib ki, o, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, başqa imza ilə Operativ Qərargahı tənqid edən yazı yazmasından sonra A.Əliyeva “Azərtac”dakı işindən kənarlaşdırılıb. Məsələyə görə məhkəməyə müraciət edilib. A.Əliyeva işinə bərpa edilməsini tələb edib.

Editor

Related Posts