Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

İran yeni təlim təyyarəsi “Yasin”in istehsalına başlayıb – Katerlə bağlı məlumatlar isə şişirdilir

İran yeni təlim təyyarəsi “Yasin”in istehsalına başlayıb – Katerlə bağlı məlumatlar isə şişirdilir

İran tərəfindən hazırlanmış “Yasin” təlim təyyarəsinin son variantı mərasimlə təqdim edilib. Bu çərçivədə təyyarənin istehsalına başlanıldığı bildirilib. Təyyarə İran Aviasiya Sənayesi və Hərbi Hava Qüvvələrinin mütəxəssisləri tərəfindən təlim təyyarəsi kimi dizayn edilib.

“Yasin”in yeni versiyası 2019-cu ilin oktyabrında təqdim edilən ilk prototiplə müqayisədə fərqli xüsusiyyətlərə malikdir. “İslam Times”ın verdiyi xəbərə görə, bu çərçivədə təyyarədə yerli katapult oturacağı, avionik, mühərrik və eniş şassisi var. Uzunluğu 12 metr və hündürlüyü 4 metr olan təyyarənin əməliyyat uçuş şəraitində boşaldılmış halda çəkisinin 4,3 ton olduğu iddia edilir.


“Global Security”nin dərc etdiyi məqaləyə görə, quyruq strukturu pilotun müxtəlif manevrlər üzrə məhdudiyyətlərini aradan qaldırır. Pilot kabinəsi ön kabinədəki kursant pilota və arxa kabinədəki təlimatçı pilota rahat və geniş baxış sahəsini təmin etmək üçün tandem və qeyri-bərabər tərtibatda dizayn edilib. Təyyarənin enişi üçün tələb olunan uçuş-enmə zolağının cəmi 700 metr olduğu iddia edilir.

İranın Aviasiya Sənayesinin sədri Əmir Kərim Bəni Tarafi İran dövlət televiziyasına müsahibəsində deyib ki, İran Hərbi Hava Qüvvələri də “Yasin”dən yaxın hava dəstəyi missiyaları üçün istifadə imkanlarını araşdırır. “Hazırda təyyarə yalnız təlim funksiyasına malikdir, lakin gələcəkdə o, tamamlanaraq bomba və raketlərlə təchiz oluna və CAS təyyarəsi kimi istifadə edilə bilər. Hərbi Hava Qüvvələrinə ümumilikdə 48-64 təyyarə lazım ola bilər”, – deyə o qeyd edib.


İran şaquli buraxılış sisteminə sahib katerini təqdim etdi

Asimmetrik donanma strukturuna malik İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri yeni məhsulunu təqdim edib. İİKK təbliğat məqsədləri üçün bir çox fərqli dizayn hazırlayır və təqdim edir. İİKK Hərbi Dəniz Qüvvələri üçün hazırlanmış “Zülfikar” sinfi olaraq adlandırılan hava hücumundan müdafiə katerində VLS (şaquli buraxılış qurğusu) inteqrasiya edildiyi görüntülənib. İran bu kateri hava hücumundan müdafiə kateri kimi təsnif edir. İİKK dünyada belə bir məhsul olmadığını, bu baxımdan sözügedən katerin dünyada bir ilk olduğunu iddia edir.

Katerin atış sınağı


İran İnqilab Keşikçiləri Korpusu Fars körfəzində kiçik katerlərlə sıx şəkildə mövcudluq sərgiləyirlər. Bunun səbəbi Fars dənizinin dayaz olmasıdır. Platformada VLS mövcudluğu aydın görünür. Katerin yuxarı hissəsində bir günbəz də var. Lakin günbəzin içərisində radar olub-olmadığı məlum deyil. Konsepsiyada daha bir maraqlı məsələ VLS-dəki raketləri hansı radarın yönləndirəcəyidir. Katerdə naviqasiya radarından başqa heç bir radar görünmür.

Editor

Related Posts