Türkiyə NATO müttəfiqləri Britaniya və Almaniya ilə razılaşmalar əldə edib. Bu razılaşmalar Ankaranın getdikcə daha da gərginləşən regionda müdafiə qabiliyyətini gücləndirmək məqsədilə almağa çalışdığı onlarla “Eurofighter Typhoon” qırıcısını əldə etməyə imkan verəcək.
Britaniya Ankaraya həmin qırıcıları istismar etməyə imkan verəcək ilkin razılaşmanı imzalayıb, Almaniya da Türkiyəyə 40 təyyarənin çatdırılmasını təsdiqləyib.
“Eurofighter Typhoon”la yanaşı, Ankara Vaşinqtonla da 40 ədəd F-16 təyyarəsinin alınması ilə bağlı danışıqlar aparır.
İsrailin region ölkələrinə – o cümlədən Türkiyənin qonşusu İranla 12 günlük toqquşması və digər qonşusu Suriya ərazisinə son hava hücumları Ankarada narahatlıq yaradıb. Bu da ölkənin potensial təhdidlərə qarşı sürətli silahlanma təşəbbüsünə təkan verib.
Türkiyə 2023-cü ildən bəri 40 ədəd “Eurofighter Typhoon” təyyarəsi almaq üçün danışıqlar aparır. Bu qırıcılar Almaniya, Britaniya, İtaliya və İspaniyanın daxil olduğu konsorsium tərəfindən istehsal olunur. Konsorsiumda “Airbus”, “BAE Systems” və “Leonardo” şirkətləri təmsil olunur.
İstanbulda Britaniya müdafiə naziri Con Hili ilə imzalanma mərasimində çıxış edən Türkiyənin müdafiə naziri Yaşar Güler bildirib ki, bu razılaşma Türkiyəni təyyarələr üzrə “tam əhatəli” razılaşmaya bir addım da yaxınlaşdırır və bu, həm NATO-nun, həm də Türkiyənin hava qüvvələrinin imkanlarını gücləndirəcək.
“Ölkəmizin “Eurofighter Typhoon” klubuna qoşulmasına doğru bu müsbət addımı alqışlayır və lazım olan razılaşmaların ən qısa zamanda tamamlanması ilə bağlı ortaq istəyimizi bir daha vurğulamaq istəyirik”, –Güler bildirib.
O, jurnalistlərə açıqlamasında deyib ki, 40 təyyarənin alınması planlaşdırılır, lakin müxtəlif variantlar da nəzərdən keçirilir.
Britaniyanın müdafiə naziri də razılaşmanı Türkiyənin “Typhoon” döyüş təyyarələrini alması istiqamətində “böyük addım” kimi xarakterizə edib.
“Türkiyəni “Typhoon”larla təchiz etmək NATO-nun kollektiv müdafiəsini gücləndirəcək və gələcək illər üçün Britaniyada minlərlə ixtisaslı iş yeri təmin etməklə hər iki ölkənin sənaye bazalarını gücləndirəcək”, – britaniyalı nazir vurğulayıb.
Əvvəllər bu satışa qarşı çıxan Almaniya hökuməti də, “Spiegel” jurnalının yazdığına görə, Federal Təhlükəsizlik Şurasının müsbət qərarından sonra Türkiyəyə 40 təyyarənin göndərilməsinə yaşıl işıq yandırıb.
Almaniya Müdafiə Nazirliyi məsələ ilə bağlı şərh verməyib.