Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda “Kətə” festivalı başa çatıb

Naxçıvanda “Kətə” festivalı başa çatıb

Xəbər verdiyimiz kimi, ötən gün “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində ənənəvi “Kətə” festivalına start verilmişdi. Bu gün festival başa çatıb.

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarından 250-ə yaxın kətə ustası, o cümlədən təsərrüfat subyekti tərəfindən 60 çeşiddə kətə, 3543- dən çox əl işləri və digər nümunələr hazırlanaraq minlərlə iştirakçıya təqdim edilib.

Diyarımızın ayrı-ayrı bölgələrinin təbiətinə xas dağ pencərləri, səbzə-tərəvəz məhsullarından hazırlanan kətə nümunələri yüksək alıcılıq qabiliyyəti ilə diqqəti cəlb edib. Festivalda həmçinin Naxçıvan mətbəxinin yaz fəslinə aid digər nümunələrindən, o cümlədən cacıq, gicitkən, yarpız, qazayağı, quzuqulağı, ispanaq, göbələk və digər müalicəvi bitkilərdən hazırlanan yeməklər də təklif edilib.

Muxtar respublikada milli mətbəx mədəniyyətinin və ənənəvi dəyərlərin yaşadılması, eləcə də təsərrüfatlara dəstək məqsədilə keçirilən “Kətə” festivalına gələnlər həm də təqdim olunan musiqi və rəqs nümunələrini də izləyib, istirahət gününü mənalı keçiriblər.

Qeyd edək ki, festivalın sonunda “Ən dadlı kətə” nominasiyası üzrə qaliblər də müəyyənləşib. Birinci yerə Şahbuz rayon sakini Ruhiyyə Abbasova, Culfa rayon sakini Müşkinaz Qafarova, Naxçıvan şəhər sakini Elman Süleymanov, ikinci yerə Ordubad rayon sakini Saniyə Həsənova, Şərur rayon sakini Günay Qasımova, Babək rayon sakini Şəhla Rzayeva və üçüncü yerə isə Kəngərli rayon sakini Təranə İmranova, Sədərək rayon sakini Nailə Hacıyeva və Culfa rayon sakini Narı Talıbova layiq görülüblər.

Qaliblərə diplomlar təqdim edilib.

Qeyd edək ki, festivalda 35 min 600 manat dəyərində kətə, 32 min 654 manat dəyərində isə əl işləri və digər nümunələr satılıb.

admin

Related Posts