Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

YAP Naxçıvan MR Təşkilatı “Heydər Əliyev – 100” mövzusunda konfrans təşkil edib

YAP Naxçıvan MR Təşkilatı “Heydər Əliyev – 100” mövzusunda konfrans təşkil edib

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev və Azərbaycan respublikasında milli siyasi sistemin formalaşması” mövzusunda elmi konfrans keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə güllər düzüb, ehtiramlarını bildiriblər.

Naxçıvan Dövlət Milli Dram Teatrında davam etdirilən konfransda ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı sədrinin müavini-aparat rəhbəri Anar İbrahimov konfransda bildirib ki, ümummilli lider Heydər Əliyev xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Dahi rəhbər qeyri-adi idarəçilik bacarığı, yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olundu. Ulu öndərin şah əsəri olan güclü Azərbaycan dövləti suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi.

Anar İbrahimov ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranmasından bugünədək fəaliyyəti dövründə əldə edilən uğurlardan və gələcəkdə atılacaq addımlardan da danışıb.

AMEA Naxçıvan Bölməsinin tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli “Ulu öndər Heydər Əliyev və Azərbaycan dövlət Quruculuğu” mövzusunda çıxış edib. Bildirib ki, ömrünü Azərbaycanın işıqlı gələcəyinə həsr edən vətənpərvər siyasətçi milli birlik, kadr potensialının artırılması, kadrların milliləşdirilməsi, ordu quruculuğu, iqtisadi inkişafın təmin olunması və başqa mühüm önəm daşıyan məsələləri hər zaman diqqətdə saxlayıb.

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli “Ümummilli Lider Heydər Əliyev və Yeni Azərbaycan Partiyası” mövzusunda çıxış edib. Bildirilib ki, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası müstəqil dövlətçiliyimizin və ümummilli maraqların təmin edilməsi naminə cəmiyyətimizin bütün təbəqələrinin qüvvəsini səfərbər edən konstruktiv müxalifət partiyası kimi yaradılıb. Azərbaycan xalqı 1993-cü ilin iyununda – ölkə “olum və ya ölüm” dilemması qarşısında qaldıqda özünün taleyini dahi Heydər Əliyevə həvalə etdi. 1995-ci ilin parlament seçkiləri nəticəsində partiya xalqın böyük dəstəyini qazanaraq, müstəqil dövlətçiliyin əsas təminatçısı olan siyasi qüvvəyə çevrildi.

Konfransda “Ümummilli lider Heydər Əliyev və Yeni Azərbaycan Partiyası”, “İnsan Hüquqlarının mühafizəsində ulu öndər Heydər Əliyevin rolu” və “Müasir mərhələdə yeni çağırışlar və Azərbaycanda siyasi sistemin inkişaf meyilləri” mövzularında çıxışlar dinlənilib.

Sonda ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Sözümüz imzamızdır” filminə baxış olub.

admin

Related Posts