Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Sərhəd” hərbi-idman oyunlarında qalib olan məktəblilər mükafatlandırılıb

“Sərhəd” hərbi-idman oyunlarında qalib olan məktəblilər mükafatlandırılıb

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin birgə tədbirlər planı əsasında hər il təşkil olunan “Sərhəd” hərbi-idman oyunlarında Ordubad şəhər tam orta İnternat məktəbinin komandası I yerin qalibi olub.

Naxçıvan Təhsil Nazirliyinin mətbuat xidmətindən Birinci 24 İnformasiya Agentliyinə bildirilib ki, qalib olan komandanın üzvləri ilə mayın 8-də görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin tədrisi şagirdlərin milli mənlik və vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynayır. Bu fənni tədris edən hərbi rəhbərlərin üzərinə böyük vəzifə düşür. Bu məqsədlə də çağırışaqədərki hazırlıq fənnini tədris edən hərbi rəhbərlərin yeni təlim metodlarından istifadə bacarıqlarının və dərslərə yaradıcılıqla yanaşılması vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlim toplantılar keçirilir. Hazırda muxtar respublika ümumtəhsil məktəblərində 208 hərbi rəhbər fəaliyyət göstərir.

Vurğulanıb ki, son illər gənclər arasında hərbi təhsilə maraq da xeyli artıb. Belə ki, 2022-ci tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərindən Heydər Əliyev adına Hərbi Liseyə 143, Xüsusi təyinatlı məktəblərə isə 21 şagird qəbul olub. Təhsil naziri bildirib ki, ötən il Ordubad rayonunun Sabirkənd tam orta məktəbinin komandası “Şahin” hərbi-idman oyununda ölkə üçüncüsü olmuşdu. Bu il isə “Sərhəd” hərbi-idman oyunlarında Ordubad şəhər tam orta İnternat məktəbi komandasının ölkə üzrə I yerin qalibi olması ümumtəhsil məktəblərində hərbi hazırlıq dərslərinin yüksək səviyyədə tədris olunduğunu göstərir.

Rəhman Məmmədov Ordubad şəhər tam orta İnternat məktəbinin komandasının üzvlərinə, məktəbin kollektivinə və hərbi rəhbəri Şaban Tağızadəyə təşəkkür edib, təhsildə uğurlar arzulayıb. Şaban Tağızadə göstərilən diqqətə görə minnətdarlıq edib.

Sonda komandanın üzvlərinə Təhsil Nazirliyinin təşəkkürnamələri təqdim olunub.

admin

Related Posts