Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Musiqimizin GÜNÜ: Üzeyir bəyin ruhu şaddır?

Musiqimizin GÜNÜ: Üzeyir bəyin ruhu şaddır?

18 sentyabr Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. İstədim mən də musiqi günündə son illər bəstələnən hitləri dinləyəndən sonra bu günün şərəfinə bir yazı yazım. Amma nə qədər axtardım, keyfiyyətli bir mahnı tapa bilmədim.

Ümumiyyətlə, son illər səslənən mahnılar “çıkkıdı-çıkkıdı” səviyyəsindən o yana keçmir. İstər efirlərdə, istər səhnədə, istərsə də toyxanalarda. Mahnıların əksəriyyəti toyxana səviyyəsindədir. Müğənnilər trendə düşmək və toy tutmaq üçün mahnılar ifa edir ki, bu da Azərbaycan musiqisini bərbad duruma gətirib çıxarır. Bu işin bir tərəfi.

Digər tərəfdən səslənən mahnılar bilmirsən ərəb musiqisidir, fars, yaxud da rus, hind… Əcnəbi ladlar üzərində ifa olunan mahnılarda Azərbaycan musiqisindən əsər-əlamət yoxdur. Bu tendensiya baş alıb gedir. Bu, yalnız mahnı yaradıcılığına aid deyil. İrihəcmli musiqilərimizlə də bağlı vəziyyət acınacaqlıdır.

90-cı illərdən üzü bəri hitlər yaranmadığı kimi, opera və digər irihəcmli musiqi əsərləri də yaranmır. Kimsə irad tuta bilər ki, sənin xəbərin yoxdur, yaranır. Yaxşı, əgər yaranırsa, hanı o operalar, operettalar? Opera Teatrında nə qədər eyni səhnə əsərləri ilə mövsümü açıb-bağlamaq olar? Niyə “Arşın mal alan”, “Leyli və Məcnun”, “Şah İsmayıl”, “Koroğlu” kimi operalar yazılmır?

Klassikanı qorumaq, saxlamaq ənənəsi gözəldir. Tamam, bunu anladıq. Amma yeni nəsil həm də yeni musiqilər dinləməlidir, zövqünü inkişaf etdirməlidir? Hansı mahnılarla? “Ay canı yanmış”, “Maral-maral”, “Səndən qəşəngi yoxdur-yoxdur”la? Bəstəkarları da qınamalı deyil. Qeyri-peşəkar, özü yazıb, özü bəstələyib, özü oxuyanların sayı o qədər artıb ki, hamısı da toy bazarına işləyir. Peşəkar bəstəkar da ən azı zəhmətinin haqqını almalıdır ki, nəsə bəstələsin.

Vaxtilə dövlət sifarişi ilə operalar, mahnılar yazılırdı. Keyfiyyətli musiqinin də qarşılığı olaraq yüksək məbləğdə qonorar alırdılar. Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqının səlahiyyətində olan bu məsələyə məhəl qoyan da yoxdur. Ona görə də qulağımız nə keyfiyyətli musiqi eşidir, nə də gözümüz irihəcmli səhnə əsərləri görür.

Bu sadaladıqlarım hələ problemin bir hissəsidir. Necə deyərlər, jurnaldır. Buna görə də musiqimizin günündə bilmirsən sevinəsən, yoxsa, ağlayasan?

Editor

Related Posts