Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Londonda Əliyev-Paşinyan görüşü ola bilərmi?

Londonda Əliyev-Paşinyan görüşü ola bilərmi?

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistan və Azərbaycan liderləri Avropa Siyasi İcmasının iyulun 18-də Londonda keçiriləcək 4-cü sammitinə dəvət olunublar.

Birinci24.com xəbər verir ki, Azatutyunun məlumatına görə baş nazir Nikol Paşinyan artıq Londona yola düşüb.

Ermənistan hökumətinin rəsmi məlumatına görə Paşinyan sammit əsnasında bir neçə ikitərəfli görüşlər keçirəcək. Onun kimlərlə görüşəcəyi açıqlanmır.

Azatutyun Azərbaycan mediasına istinadla yazır ki, prezident İlham Əliyevin də bu sammitdə iştirak edəcəyi gözlənilir.

Turan agentliyi qeyri-rəsmi mənbələrə istinadla yazıb ki, London sammiti çərçivəsində Əliyev-Paşinyan görüşü baş tuta bilər.

Azərbaycan tərəfi hələ ki, İlham Əliyevin Londona səfəri və mümkün görüşləri barədə rəsmi açıqlama verməyib.

Azatutyun yazır ki, Paşinyanla birlikdə London sammitinə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da yola düşüb.

Bundan əvvəlki sammitlər

2022-ci ildə Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsindən sonra Avropa Şurası tərəfindən yaradılmış Avropa Siyasi İcması indiyədək 3 sammit keçirib.

Bu sammitlərin çərçivəsində Əliyev və Paşinyan arasında iki dəfə görüş olub.

2022-ci ildə Praqada keçirilən ilk sammitdə tərəflər 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər.

Əliyev və Paşinyan ikinci dəfə Kişinyov sammiti çərçivəsində görüşüblər. Lakin Əliyev ötən ilin oktyabrında Qranadada keçirilən sammiti boykot edib.

Həmin sammit çərçivəsində baş nazir Nikol Paşinyan Avropa İttifaqının başçısı Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla görüşmüşdü.

Editor

Related Posts