Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Nazim Bəydəmirli şahidə: “Heç olmasa, öz yaşına-başına hörmət elə…”

Nazim Bəydəmirli şahidə: “Heç olmasa, öz yaşına-başına hörmət elə…”

Həbsdə olan keçmiş deputat, iş adamı Nazim Bəydəmirlinin işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi davam edir.

İyulun 29-da hakim Fərid Namazovun sədrliyilə keçirilən məhkəmə iclasında şahidlər dindirilib. Şahidlər də “Avto-Qarant” ASC-nin işçiləri olub.

Nazim Bəydəmirli bu şirkətin rəhbəri Ədalət Bağırovu intim görüntülərini yaymaqla hədələyib, ondan 10 min manat pul almaqda ittiham olunur. Sabiq deputat isə bu ittihamı rədd edir.

Şirkətin mühasibi Kifayət Vəliyeva məhkəmədə ifadəsində bildirib ki, ötən il iyulun 25-də işdə Ədalət Bağırovu narahat görüb. Onun sözlərinə görə, Ədalət Bağırov dilxor, qanıqara idi. Ondan nə baş verdiyini soruşub. Ədalət Bağırov isə deyib ki, bir gün əvvəl Nazim Bəydəmirli onu video ilə şantaj edib, pul tələb eləyib. Məcbur olub, ona 10 min manat verib.

Nazim Bəydəmirli şahiddən bunları deyərkən onun üzünə baxa-baxa danışmaşını istəyib:

Gözümün içinə baxa-baxa danış…”.

Lakin şahid onun üzünə baxmaqdan imtina edib.

Nazim Bəydəmirli şahidin yalan danışdığını deyib: “Heç olmasa, öz yaşına-başına hörmət elə…”.

Daha bir şahid isə həmin şirkətin mühafizəçisi Saleh Hüseynov olub. O da bildirib ki, Ədalət Bağırovun şirkətə əsəbi halda gəldiyini görüb. Sonradan Ədalət Bağırov ona Nazim Bəydəmirlinin şəkillərlə onu şantaj etdiyini, bu səbəbdən 10 min manat verdiyini deyib.

Saleh Hüseynov həm Nazim Bəydəmirlinin, həm də onun vəkili Aqil Layıcın suallarını cavablandırarkən videonu da, pulun verilməsini də görmədiyini bildirib.

Vəkil Aqil Layıc şahiddən iş rejimi barədə soruşub. O bildirib ki, həftənin 5 günü işləyirlər, şənbə-bazar günü isə istirahət edirlər.

Aqil Layıc bildirib ki, iyunun 25-i istirahət günüdür. Həmin gün ofisdə Ədalət Bağırovu necə görə bilərdi? Şahid vəkilin bu sualına cavab verməyib.

Nazim Bəydəmirlinin işi üzrə məhkəmə prosesi davam edir.

2005-2010-cu illərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli 2023-cü il iyulun 4-dən həbsdədir.

Ona qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələb-etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 182.2.2 (hədə-qorxu ilə tələb etmə – təkrar törədildikdə) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrin sanksiyasında 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.

Nazim Bəydəmirli iki nəfərdən hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.

İttihamlardan birində iddia edilir ki, sabiq deputat pay sahibi olduğu “Avto-Qarant” ASC-nin təsisçisi və Müşahidə Şurasının sədri Ədalət Bağırovu intim görüntülərlə şantaj edərək, ondan 50 min manat pul tələb edib. Son nəticədə 2023-cü ilin iyununda 10 min manat alıb.
Digər ittihama görə isə Nazim Bəydəmirli 1996-cı ildə Rusiyanın Lipetsk şəhərində Mürsəl İbrahimovdan spirtli içki biznesinə yatırdığı vəsaitdən imtina etməsini və əlavə əlavə pul tələb edərək, sonda istədiyini alıb.

Lakin Nazim Bəydəmirli ittihamların heç birini qəbul etmir.

Onun həbsindən bir neçə gün əvvəl hökumətə yaxın media orqanlarında Söyüdlü hadisələrinin təşkilatçıları qismində adlar hallandırılmışdı ki, onların sırasında Nazim Bəydəmirli də vardı.

Keçmiş deputat Söyüdlü hadisəsində qurban seçildiyini deyir:

“Gədəbəy hadisələrilə bağlı kimisə qurban vermək lazım idi, o da mən oldum”.

Editor

Related Posts