Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Elçin Əmirbəyov: “Sülh sazişindən bir abzası çıxarmaq qərarına gəldik”

Elçin Əmirbəyov: “Sülh sazişindən bir abzası çıxarmaq qərarına gəldik”

“Məsələ bunu Azərbaycanın təzyiqi altında etməkdə deyil. Məsələ bir suala cavab verməkdədir: Siz sülh istəyirsiniz, yoxsa Azərbaycanla yeni qarşıdurma imkanı istəyirsiniz?”.

Birinci24.com xəbər verir ki, Əliyevin danışıqlarda yaxından iştirak edən xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov AzadlıqRadiosuna belə deyib.

“Məsələni bu cür qoyarlarsa, əminəm ki, o referenduma qatılacaq erməni xalqının əksər hissəsi sülhü dəstəkləyəcək”, – yenə E.Əmirbəyovun sözləridir.

Sözügedən müddəa Ermənistanın mövcud Konstitusiyasının preambulunda 1989-cu ildə qəbul edilmiş müstəqillik bəyannaməsinə istinaddır. Sənədin bu bölümündə sovet Azərbaycanının tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla “yenidən birləşdirilməsinə” çağırış edilir (Azərbaycan Qarabağın heç vaxt Ermənistan ərazisi olmadığını əsas gətirir -red.). O zaman Ermənistan hələ SSRİ-nin tərkibində idi.

Dağlıq Qarabağın əhalisi, əsasən, etnik ermənilər olub. SSRİ dağılan zaman bu ərazi üstündə müharibə başladı və Ermənistanın dəstəklədiyi separatçılar nəzarəti ələ keçirə bildilər. Onlar, üstəlik, Azərbaycanın Dağlıq Qarabağa bitişik daha yeddi rayonunu da ələ keçirdilər və sayı 600 mini aşan etnik azərbaycanlı əhalini öz torpaqlarından çıxmağa məcbur etdilər.

Münaqişənin həlli ilə bağlı diplomatik səylər çox az nəticə verib. 2020-ci ildə iki tərəf arasında daha bir müharibə başladı. Altı həftə sürən müharibə Rusiyanın vasitəçiliyi ilə əldə edilən atəşkəslə başa çatdı. Ermənistan bölgənin ayrı-ayrı hissələrinə, eləcə də yeddi bitişik rayona nəzarəti itirdi. İki il öncə iki tərəf münaqişənin tam həlli ilə bağlı danışıqlara başladı. Ancaq növbəti il bu danışıqların ləng getməsindən səbri tükənən Azərbaycanın birgünlük hücumu nəticəsində Qarabağ rəhbərliyi tam təslim oldu və 100 mindən çox etnik erməni ərazini kütləvi tərk etdi.

2020-ci ildən sonrakı danışıqlarda Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazır olduğunu dilə gətirdi. Ancaq Azərbaycan iddia edir ki, Qarabağa iddia Ermənistanın əsas qanununda qaldıqca, Paşinyandan sonra gələcək hökumətlərin bu bəyannamə və onun daşıdığı ərazi iddiasına geri dönməsi təhlükəsi davam edəcək.

“Biz bu sülh sazişinin, gələcəkdə, keçmişdə olduğu kimi, revanşizmə, yaxud Azərbaycana qarşı hər hansı ərazi iddialarına qayıdışı qeyri-mümkün edən ciddi sənəd olacağına əmin olmaq istəyirik. Azərbaycana qarşı Ermənistanın mövcud Konstitusiyasında həkk olunmuş ərazi iddiaları sülh prosesində irəliləyişə mane olan əsas, mən deyərdim …yeganə amil olaraq qalmaqdadır ”, – E.Əmirbəyov belə deyir.

Ermənistan da, öz növbəsində, iddia edir ki, Azərbaycanın tələbi onun daxili işlərinə qarışmaq və üstəlik, bütövlükdə sülh prosesini sabotaj etmək cəhdidir. Azərbaycanın konstitusiyanın dəyişdirməklə bağlı açıq tələbi “sülh prosesini batırır və Azərbaycan rəhbərliyinin sülhə nail olmaq istəyi ilə bağlı səmimiyyətini şübhə altına alır”, – Ermənistan Xarici İşlər Nazirliyinin iyunun 7-də verdiyi bəyanatda dilə gətirdiyi mövqedir.

E.Əmirbəyov bu arqumenti rədd edib: “Əgər bu bizim suveren ərazilərimizlə bağlıdırsa, onda Azərbaycan olaraq, biz bunu necə daxili məsələ saya bilərik?”.

Editor

Related Posts