Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

NDU-da “Pataloji anatomiya və yarma” dərsliyi təqdim olunub

Naxçıvan Dövlət Universitetində “Pataloji anatomiya və yarma” dərsliyinin təqdimatı keçirilib.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın icrası bu sahədə fəaliyyəti daha da gücləndirib. Rektor Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Baytarlıq təbabəti kafedrasının baş müəllimi, biologiya üzrə fəlsəfə doktoru Mirvasif Seyidov və Aysel Seyidlinin həmmüəllifləri olduğu kitabı baytarlıq təbabəti sahəsində tədrisin inkişafı üçün böyük töhfə, bu sahədə təhsil alan tələbələr, müəllimlər və tədqiqatçılar üçün dəyərli mənbə kimi qiymətləndirib, müəllifləri təbrik edib.

Baytarlıq təbabəti kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Etibar Məmmədov 4 fəsildən ibarət olan dərsliklə bağlı qısa məlumat verib. Bildirilib ki, birinci fəsildə ümumi pataloji proseslərin mahiyyəti, ikinci fəsildə ayrı-ayrı orqan və sistemlərin, eləcə də müxtəlif etiologiyalı xəstəliklərin etiopatogenezi, patomorfoloji dəyişiklikləri, diaqnozu və təfriqi diaqnozu, üçüncü fəsildə fərqli növ heyvanların yarılma texnikası, yarmanın təşkili, yarma zamanı ətraf mühitin qorunması, şəxsi gigiyenik qaydalara əməl edilməsi, yarma və yarma protokolunun icrası, dördüncü fəsildə isə baytarlıq məhkəmə ekspertizasının prosedural qaydaları və onun əsasları öz əksini tapır.

Kənd təsərrüfatı heyvanlarının pataloji anatomiyasına dair bu günədək əsaslı dərs vasaitinin olmadığını diqqətə çatdıran Baytarlıq təbabəti kafedrasının dosenti, baytarlıq üzrə fəlsəfə doktoru Yunis Rüstəmli qeyd edib ki, yeni dərs vəsaiti müxtəlif xəstəliklərin diaqnostikası məqsədilə aparılan yarmanın və müxtəlif xəstəliklərə dair spesifik patomorfoloji dəyişikliklərin öyrənilməsində xüsusi əhəmiyyətə malikdir.

Tədbirdə digər çıxış edənlər müəllifi təbrik edib, ona gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Müəllif biologiya üzrə fəlsəfə doktoru Mirvasif Seyidov göstərilən diqqətə görə minnətdarlıq edib.

admin

Related Posts