Politoloq Bəhruz Səmədov  4 ay həbs edildi

Politoloq Bəhruz Səmədov  4 ay həbs edildi

Bugün, avqustun 23-də Səbail Rayon Məhkəməsində iki gün əvvəl saxlanan politoloq Bəhruz Səmədov haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib.

O cinayət məcəlləsinin 274-ci maddəsi (Dövlətə xəyanət) ilə ittiham edilir.

Həmin maddə ilə şəxsə 12 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası verilə bilər.

Vəkil Zibeydə Sadıqova deyib ki, qərardan apellyasiya şikayəti veriləcək.

Səmədov məhkəmədə özünü təqsirli bilməyib və ona qarşı təzyiqlərin olduğunu bildirib.

Vəkilin sözlərinə görə, Səbail Rayon Məhkəməsi bu şikayətlə bağlı prokurorluğa müraciət edilməsi barədə qərar qəbul edib.

Amma, hələlik, Bəhruz Səmədovun məhkəmədə dediklərinə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, gənc politoloq Bəhruz Səmədov barəsində avqustun 21-dən nə qohumları, nə də dostları məlumat ala bilir.

B.Səmədovun nənəsi Zibeydə Osmanovanın sözlərinə görə, həmin gün saat 16-da B.Səmədov evdən çıxıb, dostu ilə dənizə getmək istəyirlərmiş: “Təxminən 30 dəqiqədən sonra (Bakıda) evə dörd-beş nəfər gəldi. Onlar özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları kimi təqdim etdilər, dedilər ki, Bəhruzdan narkotiklə bağlı şikayət var”.

“Bəhruz Səmədov evə zəng vurmayıb”

Nənəsinin sözlərinə görə, B.Səmədovun kompüterini, pasportunu, diplomlarını, tərcümə etdiyi kitabını götürüblər.

Z.Osmanova əlavə edib ki, elə həmin gün Vəfa adlı vəkil ona zəng vuraraq deyib ki, B.Səmədovla bağlı araşdırma gedir: “Dedi ki, deyiblər ki, guya dövlət əleyhinə yazılar yazıb…”.

Nənəsinin açıqlamasına, hələlik, DTX və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Eyni zamanda, deyilən vəkilin kimliyini də dəqiqləşdirmək, onun özü ilə danışmaq cəhdləri də nəticə verməyib. Z.Osmanova da bildirib ki, nəvəsi saxlandıqdan sonra evə zəng etməyib.

Bununla belə, ailə yeni vəkil tutub. Amma saxlanıldığı bildirilən B.Səmədovun hüquqlarını müdafiə etmək üçün ailəsinin müqavilə bağladığı vəkil Zibeydə Sadıqova da onunla, hələlik, görüş ala bilmir.

Zibeydə Sadıqova
Zibeydə Sadıqova

Vəkil bildirib ki, Səmədovun DTX-nın müvəqqəti saxlanma təcridxanasında saxlandığını düşünürlər.

Lakin vəkilin sözlərinə görə, o, öz vəkillik sənədlərini DTX-ya təqdim etsə də, hələ də B.Səmədovla görüşə bilmir: “Müstəntiq zəng və mesajlara cavab vermir”.

Gənc politoloq B.Səmədov Praqadakı Karlov Universitetinin doktorantura pilləsində təhsil alır. O, müharibə əleyhinə yazıları ilə seçilir. Xüsusilə Azərbaycan və Ermənistan arasında 2020-ci ildə 44 günlük savaş və ötən il Qarabağda keçirilən hərbi əməliyyatlar zamanı o, rəsmi Bakının mövqeyi ilə üst-üstə düşməyən açıqlamalar verib.

Həmin hərbi əməliyyatlar zamanı rəsmi Bakı bütün ölkə ərazisində suverenliyinin bərpa olunduğunu açıqlayıb. Üstəlik, rəsmi Bakı Qarabağda birgünlük hərbi əməliyyatları “lokal antiterror tədbirləri” adlandırmışdı. Ermənistan isə Qarabağda keçirilən həmin əməliyyatı “etnik təmizlənmə” sayırdı. Həmin əməliyyatdan sonra Qarabağdan erməni əhali köç edib. B.Səmədov ötən il açıqlamalarının birində vurğulamışdı ki, Azərbaycan hökumətinin dialoq yox, güc tətbiq etməsi onun demokratik olmasına mane olur.

İndi onunla bağlı Azərbaycanda fikirlər birmənalı deyil.

“Od olmasa, tüstü çıxmaz”

Novella Cəfəroğlu
Novella Cəfəroğlu

Hüquq müdafiəçilərindən Novella Cəfəroğlu bildirib ki, B.Səmədovun səsləndirdiyi bəzi fikirlərlə razı deyil: “Azərbaycan uzun illərdir işğala məruz qalıb, hələ də torpaqlarımız Ermənistanın basdırdığı minalardan təmizlənməyib. Belə olan halda onun dedikləri ilə heç cür razılaşmaq mümkün deyil”.

N.Cəfəroğlu hesab edir ki, B.Səmədovun günahı olmasaydı, onunla heç kimin işi olmazdı: “Deməli, hansısa dəlillər var ki, onu saxlayıblar. Hər halda, araşdırma aparılacaq və istintaq məsələyə aydınlıq gətirəcək. Əminəm ki, od olmasa, tüstü çıxmaz”.

“… müharibə əleyhdarı olması ilə bağlıdır”

Zəfər Əhmədov
Zəfər Əhmədov

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Zəfər Əhmədov isə bir qədər fərqli düşünür. O, deyib ki, B.Səmədovun nəinki saxlanılmasının detalları, hətta onu hansı qurumun tutub, harada saxladığını belə dəqiqləşdirə bilməyiblər: “Amma aydındır ki, hansısa güc strukturu tərəfindən saxlanılıb və 48 saat müddətində onun yeri da bilinməli idi, vəkillə də təmin olunmalı idi. Artıq burada qanun pozuntusu var”.

Məsələnin motivlərinə gəlincə, hüquq müdafiəçisi bunları söyləyib: “Bəhruz Səmədovun tənqidçi fəaliyyəti, əsasən, pasifist yöndə idi. Yəni müharibə əleyhinə idi. Başqa fəaliyyəti haqqında bizim məlumatımız yoxdur. Ola bilsin ki, bu fəaliyyəti çərçivəsində ayrı-ayrı hüquq müdafiəçiləri ilə əlaqə saxlayırdı. Burada da qəribə bir şey yoxdur. Bu onun işidir, peşəsidir”.

Z.Əhmədovun sözlərinə görə, son vaxtlar baş verən repressiyaları, həbsləri nəzərə alanda həbslərin motivi ilə səbəbləri fərqli olur: “Ona görə də Bəhruz Səmədov məsələsində dəqiq fikir bildirmək bir az tezdir. Hər bir halda güman var ki, onun saxlanması müharibə əleyhdarı olması ilə bağlıdır. Hələlik, başqa bir məlumatlar yoxdur”.

Editor

Related Posts