Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Folklor şöbəsinin müdiri: “Haxışta mərasimi Şumer gil lövhələrində həkk olunub”

Folklor şöbəsinin müdiri: “Haxışta mərasimi Şumer gil lövhələrində həkk olunub”

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

“Qərbi Azərbaycanda fərqli qız bəyənmə mərasimi” adlı buraxılışda filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA-nın Naxçıvan bölməsinin Folklor şöbəsinin müdiri, Qərbi Azərbaycan İcması Ordubad rayonu üzrə nümayəndəsi Aytən Cəfərova adət-ənənələrdən və bayram mərasimlərindən danışıb.

O bildirib ki, Qərbi Azərbaycan sakinləri məskunlaşdıqları ərazilərdə tarixən öz adətlərini yaşadırlar: “Bu məkanda fərqli qız bəyənmə, həmçinin ananın öz övladını qucağına almaq mərasimləri olub. Əsilli yerdən alınan qıza hörmət daha çox idi. Oğlan toyunda qırmızı və yaşıl rəngdə kəlağayı xələt verilirdi. Yallı, halaylar bu məqsədlə ifa olunurdu. Qadınlar hamam mərasimi qurub, “Nargilə” oxuyurdular”.

Onun sözlərinə görə, Haxıştaların əsas məqsədi oğlan evi ilə qız evinin deyişməsi idi: “Haxışta mərasimi Şumer gil lövhələrində həkk olunub. Toy günü bəy damdan gəlinin başına alma ilə vururdu. Gəlin vurulan almanın zərbəsinə dözməli idi. Toyda şax bəzəmə qədim Türk inancındakı “Həyat ağacı” simvolu ilə bağlıdır”.

A. Cəfərova qədim Türk inancında günlərin öz rəmzi mənası olduğunu, axşamı ölənlərin ruhunun azad olub evlərinə gəldiyini də diqqətə çatdırıb.

Dosent sonda Naxçıvanda yaşayan Qərbi Azərbaycan sakinlərinin obalarına qayıtmaq istəklərini bildirib, qıza elçi həftənin hansı günündə getməyin, suya girməyin xeyirli olduğunu açıqlayıb. Buğakar pirində 40 gün yaşamağın mənasına, eləcə də əsilli yerdən qız almaq adətinə aydınlıq gətirib.

Ümumiyyətlə, “İrsimiz” layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği, kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Editor

Related Posts