Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Narkotik işi: “Baş İdarədə azyaşlı övladımı döyüb üzümə qoydular”

Narkotik işi: “Baş İdarədə azyaşlı övladımı döyüb üzümə qoydular”

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Fərid Nəsibovla Elmir Rəfiyevin məhkəməsi başa çatıb.

Bu məhkəmədə diqqəti çəkən məqamlardan biri müttəhim Fərid Nəsibovun məhkəməyə danışdıqları olub. O bildirib ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onun azyaşlı oğlunu  idarəyə apararaq döyüblər və üzünə qoyublar:

“Düzdür, əvvəllər narkotiklə məşğul olmuşam, istifadə eləmişəm. Ancaq son illərdə o işlərdən uzaq durmuşam. Buna baxmayaraq Baş Narkotiklərlə Mübarizə İdarəsi məndən əl çəkmir. Məni idarəyə aparmışdılar, bir azdan 15 yaşlı oğlumu da gətirdilər. Gözümün qabağında uşağı döydülər, təhqir elədilər. Uşağı məcbur edirdilər desin ki, boynuma qoymaq istədikləri narkotik mənimdir. Uşağa zülm elədilər, gördüm qışqırır, ürəyim dözmədi, dedim buraxın uşağı, gətirin, nəyə deyirsiz, qol çəkim. Uşağımı üzümə qoydular”.

Hakim: “Bu ərizəyə baxa bilmərik”

Fərid Nəsibov bununla bağlı şikayət ərizəsini hakim Novruz Kərimova təqdim edib. Hakim bildirib ki, məhkəmənin bu şikayəti araşdırmaq səlahiyyəti yoxdur:

“Özünüz də bundan əvvəl məhkum edilmisiz. Baxıram ki, az-çox qanundan xəbəriniz var. Biz yalnız verilmiş ittiham üzrə işə baxırıq. Qanun sizin ərizənizə baxmağımıza yol vermir. Bu ərizəni aidiyyəti üzrə qurumlara göndərməlisiniz”. 

Hökm

Fərid Nəsibovsa hakimə deyib ki, onun ərizəsi birbaşa bu işlə əlaqəlidir:

“Məni narkotiklə bu yolla şərləyiblər, bu gün bu məhkəmə qarşısında  dayanmağıma səbəb oğluma gözümün qarşısında işgəncə verilməsidir. Sizə deyirəm ki, azyaşlı oğlumu ora gətirməsəydilər, mən bu narkotiki boynuma götürməyəcəkdim. Hansı qanunda yazılıb ki, azyaşlını idarəyə gətirib, üstəlik döyüb, atasının üzünə qoysunlar? Azyaşlıdan şahid olar? Uşağı döyüb atanın üzünə qoymaq olar, bu nə deməkdir? Uşağı belə işlərə qatmaq hansı qanuna uyğundur? Azyaşlı o idarəyə hansı qanuna əsasən gətirilmişdi? Mən bu faktın araşdırılmasını, həmin əməliyyatçıların cəzalandırılmasını tələb edirəm”.

Prokuror hər iki təqsirləndirilən şəxsə cəza istəyəndən sonra hakim heyəti müşavirə otağına gedib. Qısa müşavirədən sonra  hökm elan edilib: Fərid Nəsibov 9 il, Elmir Rəfiyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Editor

Related Posts