Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Fransada yaşayan mühacir Vidadi İsgəndərlinin bıçaqlandığı bildirilir

Fransada yaşayan mühacir Vidadi İsgəndərlinin bıçaqlandığı bildirilir

Fransada siyasi mühacir kimi yaşayan azərbaycanlı Vidadi İsgəndərlinin bıçaqlandığı və vəziyyətinin ağır olduğu bildirilir. Bu barədə “Azadlıq” qəzetinin baş redaktoru, Fransada yaşayan Qənimət Zahid məlumat verib.

Onun sözlərinə görə, hadisə sentyabrın 29-da səhər saat 7.30 radələrində Vidadi İsgəndərlinin yaşadığı Milüz (Mulhouse) şəhərində baş verib.

Qənimət Zahid deyir ki, naməlum şəxslər evə pəncərədən daxil olub və Vidadi İsgəndərliyə bıçaqla çoxsaylı zərbələr vurublar:

“Vidadi İsgəndərli reanimasiyadadır, durumu ağır qiymətləndirilir”.

Məlumatı Vidadi İsgəndərlinin qardaşı Oqtay İsgəndərli də təsdiqləyib. O bildirib ki, həkimlər ona bir dəqiqəlik qardaşını görməyə icazə veriblər.

“Qardaşımı görəndə narkozun təsirindən tam ayılmamışdı, amma bir neçə cümlə danışa bildik. Dedi ki, qapı bağlı idi, pəncərəni sındırıblar. Üç nəfər olublar. Maskada olublar deyə, üzlərini görməyib. Deyir, danışmırdılar ki, səslərindən kimliklərini müəyyənləşdirmək mümkün olsun. Yatdığı yerdə – çarpayıda biri bıçağı alnına dirəyib. Çoxlu zərbələr vurublar. Əli ilə müqavimət göstərib deyə, 10-dan çox zərbə elə əlinə dəyib. Qəfildən özündə güc tapıb, qışqıranda sıs-küydən qaçıblar. Narkozun təsirində olduğuna görə çox şey danışa bilmədi. Göz nahiyəsi demək olar bağlanıb”.

Vidadi İsgəndərli sosial şəbəkələrdə, “Youtube” kanallarında Azərbaycandakı hökumət təmsilçiləri, o cümlədən Prezident və ailə üzvləri haqqında kəskin ifadələr səsləndirirdi.

O, Fransaya mühacirət etməmişdən əvvəl Azərbaycan insan hüquqlarının müdafiəsilə məşğul olurdu. “Demokratiyanın Müdafiəsinə Kömək” adlı təşkilatın rəhbəri olan Vidadi İsgəndərli Azərbaycanda olduğu müddətdə bir neçə dəfə həm uzunmüddətli, həm də qısamüddətli həbs olunmuşdu.

Editor

Related Posts