Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ceyhun Bayramovun BMT-dəki çıxışı nələri üzə çıxardı?

Ceyhun Bayramovun BMT-dəki çıxışı nələri üzə çıxardı?

Azərbaycanın xarici işlər nazirinin BMT-də etdiyi çıxışı Avropada şübhə ilə qarşılanıb.

Birinci24.com xəbər verir ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov  Baş Assambleyanın 79-cu sessiyasında çıxış edərək “yarımçıq sülh” seçim ola bilməz” deyib.

Onun sözlərinə görə, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınması hüquqi boşluqda qaldığı təqdirdə, sülh və mehriban qonşuluq münasibətlərinin qurulması dayanıqlı və dönməz ola bilməz.

XİN-in yaydığı məlumata görə, nazir rəsmi Bakının mövqeyini bir daha təkrarlayaraq bəyan edib ki, Ermənistan konstitusiya dəyişikliklərini həyata keçirməklə Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik imtina etməlidir.

O, Ermənistanın hərbi büdcəsini “kəskin artırması, külli miqdarda hücum silahları alması”nı da xatırladıb.

C.Bayramov normallaşma prosesinin başa çatdırılması üçün  təcili addımlar atmağa çağırıb.

Ötən həftə BMT-illik sessiyasında çıxış edən Ermənistan baş naziri Nikol Paşinyansa sülhün mümkün və əlçatan olmasından danışmışdı.

Hər iki tərəfin çıxışını şərh edən Turan xəbər agentliyi yazır ki, Paşinyanın sözləri onilliklər boyu davam edən və bir neçə uğursuz danışıqlar, ara-sıra baş verən döyüşlər, ən çox da 2020-ci il müharibəsi nəticəsində Ermənistanın ciddi ərazi itkilərinə məruz qalması ilə nəticələnən münaqişə dövründə nadir rast gəlinən bir nikbinlik ifadəsidir.

Agentlik hesab edir ki, Ceyhun Bayramovun çıxışı iki ölkə arasındakı mövqelərin kəskin fərqliliyini, hərtərəfli sülh müqaviləsinin yekunlaşdırılması üçün qarşıda duran əhəmiyyətli maneələri önə çıxarır.

Turan  bir məqama diqqət çəkir: Bakı bütün həll olunmamış məsələlərin razılaşdırılmasını tələb edərək, Ermənistanın “Azərbaycan ərazilərinə qarşı ərazi iddialarından birdəfəlik imtina etməsi üçün Konstitusiyasını dəyişməsini” israrla vurğulayır.

Agentlik adını açıqlamadığı Avropa diplomatına istinadla yazır ki, Qərbdə Bakının Ermənistan Konstitusiyasında dəyişikliklər edilməsinə dair tələbləri şübhə ilə qarşılanıb və qərbli diplomatlar qeyd ediblər ki, belə bir dəyişiklik yalnız ümummilli referendumla həyata keçirilə bilər – bu isə uzun və qeyri-müəyyən bir prosesdir.

“Bu tələb, Bakının mümkün olmayanı tələb edərək razılaşma imzalamaqdan yayınmaq üçün bir üsul ola bilər,” deyə danışıqlarla tanış olan Avropa diplomatı Turana bildirib.

“Bayramovun konstitusiya dəyişikliklərində israrlı olması və Ermənistanın “hərbi büdcəsini kəskin şəkildə artırmaqda” və “ənənəvi və yeni təchizatçılardan çox sayda hücum silahları almaqda” ittiham etməsi, iki tərəf arasında davam edən dərin inamsızlığı göstərir, baxmayaraq ki, diplomatik təmaslar davam edir.

Bununla belə, Azərbaycanın xarici işlər naziri qonşuların münasibətlərinin normallaşdırılması istiqamətində “əhəmiyyətli irəliləyiş” olduğunu etiraf edərək, prosesi “bu kritik məqamda” başa çatdırmaq üçün “ilk addımların” atılmasına çağırıb. Onun sözləri göstərir ki, Ermənistan Azərbaycanın konstitusiya tələblərinə əməl etdiyi halda, razılaşmanın əldə olunacağına dair ehtiyatlı bir nikbinlik mövcuddur.

Noyabr ayında Bakıda keçiriləcək BMT-nin illik iqlim dəyişikliyi konfransı COP29-un, hər iki tərəfi sülh müqaviləsini yekunlaşdırmağa sövq edə biləcəyi düşünülür. Bütün dünyadan rəsmi şəxslər və diplomatların iştirak etməsi gözlənilən bu yüksək səviyyəli tədbir, tarixi bir razılaşmanın imzalanması üçün uyğun bir mərhələ təklif edə bilər və bununla da regionun ən çətin həll olunan münaqişələrindən birinə son qoyula bilər”, – Turanın şərhində belə deyilir.

Amma o da qeyd olunur ki, Ermənistanın Azərbaycanın konstitusiya tələblərini yerinə yetirib-yetirə bilməyəcəyi və ya bunu edəcəyinə dair sual hələ də cavabsız qalır və bu, sülh yolunu qeyri-müəyyənliklərlə dolu vəziyyətdə saxlayır.

Editor

Related Posts