Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Nazim Bəydəmirliyə hökm oxundu

Nazim Bəydəmirliyə hökm oxundu

1 il 3 aydır həbsdə olan keçmiş deputat, iş adamı Nazim Bəydəmirlinin məhkəməsi yekunlaşıb. Sentyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmlə keçmiş deputat 8 il azadlıqdan məhrum edilib.

Hakim Fərid Namazovun sədrliyilə keçirilən məhkəmə prosesində əvvəl Nazim Bəydəmirlinin vəkili Aqil Layıc çıxış edib. Vəkil bildirib ki, müvəkkilinə qarşı irəli sürülmüş hədə-qorxu ilə tələbetmə ittihamı əsassızdır. Müdafiəçinin sözlərinə görə, iş üzrə iki zərərçəkmişdən biri olan Ədalət Bağırovla Nazim Bəydəmirli uzun müddət məhkəmə çəkişməsində olub. Əksinə, Nazim Bəydəmirli ona qarşı şikayətçi olub. İllərlə müxtəlif dövlət orqanlarına bu adamdan şikayətlər edib:

O, məhz istintaqın təhriki ilə Ədalət Bağırovla görüşə gedib. Sonra isə onu ittiham ediblər ki, guya həmin görüşdə Ədalət Bağırovu intim görüntülərlə şantaj edib, ondan pul istəyib. O görüşlə bağlı məhkəmədə şahidlik edənlərin heç biri əslində, orada olmayıb. Çünki qeyri-iş günü olub. Nazim Bəydəmirlinin həbsi üçün quraşdırılan o görüş bir günə planlaşdırılıb. Bir adamın ifadəsi ilə, təxribatla adamı həbs eləməzlər. Dövlətin verdiyi səlahiyyətlərdən sui-istifadə etmək olmaz. Nazim Bəydəmirlinin əməlində cinayət tərkibi olmadığına görə xahiş edirəm, ona bəraət verilsin”.

Vəkil Aqil Layıc deyir ki, müvəkkilinin həbsinin səbəbi 2023-cü ilin iyununda Gədəbəyin Söyüdlü kəndində yerli sakinlərin kənddəki gölə qızıl zavodundan axıdılan zəhərli su ilə ətraf mühitin çirkləndirilməsi ilə əlaqədar keçirdiyi etiraz aksiyasıdır:

 “Nazim Bəydəmirlinin həbsinin səbəbi Gədəbəy hadisələridir. O, özünün də dediyi kimi, “ekologiya məhbusu”dur”.

Daha sonra Nazim Bəydəmirli özü məhkəmədə son sözünü deyib. O bildirib ki, əslində, prokuror ona 9 il cəza tələb edəndən sonra susmaq qərarı vermişdi. Lakin məhkəmə prosesində jurnalistlərin iştirak etdiyini nəzərə alaraq, fikrini dəyişib.

Sabiq deputat deyir ki, həbsinə sifariş verənlərin də, bu sifarişi icra edənlərin də cəzalandırılmasını istəmir:

Heç kompensasiya da istəmirəm. Baxmayaraq ki, mən heç bir cinayət törətməmişəm. Mən Ədalət Bağırovun elədiklərilə əlaqədar Baş prokuror Kamran Əliyevin, daxili işlər naziri Vilayət Eyvazovun qəbulunda olmuşam. Onlar bilir ki, bu adam mənim başıma, öz əmisi oğlunun, qardaşının başına nə oyunlar açıb”.

Söyüdlü hadisələrinə görə həbs olunduğunu xatırladan Nazim Bəydəmirli deyir ki, əslində isə həmin etirazlara heç bir aidiyyəti olmayıb. Onun sözlərinə görə, Gədəbəydə qızıl zavodu açılanda deputat idi və o dövrdə Prezidentlə birlikdə açılışda iştirak etmişdi:

Mən nə iqtidara, nə müxalifətə yaxın olmuşam. Hətta zamanında məni iqtidara yaxın sayıb, YAP-çı deputat sayanlar da olub. Mən o zavodun açılışında iştirak eləmişdim deyə, adamlar da zavoddan gələn zəhərli suya görə etiraz etdiyi üçün mətbuat aksiyadan sonra zəng edib mənim də fikrimi soruşmuşdu. Heç xoş mənzərə deyildi, polis yaşlı qadınların gözünə bibər qazı sıxmışdı, adamları döymüşdü. Mənim müsahibədə səsləndirdiyim fikirlərə bənzər fikirləri bir həftə sonra Prezident də çıxışında dedi. Amma saytlar bir neçə gün sonra mənə qarşı qarayaxmaya başladılar. Məni bu hadisələrin təşkilində ittiham elədilər”.

Nazim Bəydəmirli deyib ki, 1 il 3 aydır şər-böhtan nəticəsində ailəsindən ayrı düşüb və bu da ona mənəvi əzab verir:

Şər çox pis şeydir və hamı ona qarşı mübarizə aparmalıdır – xüsusən də məhkəmələr. Ola bilsin ki, bəlkə yazdığım nəsə hansısa polis generalının xoşuna gəlməyib. Amma bu, o anlama gəlməməlidir ki, mən etiraz təşkil eləmişəm. Mənimlə bağlı yazdıqlarını onların öz vicdanına buraxıram. Deyirlər ki, məhkəmələr sifarişlə qərar çıxarır. Mən ümid etmək istəyirəm ki, vicdanınızın səsinə qulaq asacaqsınız. Zərrə qədər günahım olsaydı, başımı qaldırıb, kiminsə üzünə baxa bilməzdim”.

Nazim Bəydəmirli çıxışının sonunda məhkəmədən bəraət istəyib.

Son sözdən sonra Fərid Namazov, Əhməd Quliyev və Telman Hüseynovdan ibarət hakimlər kollegiyası müşavirəyə gedib. Təxminən 10 dəqiqə sonra onlar geri qayıdaraq, hökmü elan edib. Hökmə əsasən, Nazim Bəydəmirli Ədalət Bağırovla bağlı məsələyə görə Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələb etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsilə təqsirli bilinib və 8 il azadlıqdan məhrum edilib.

Mürsəl İbrahimovla bağlı epizoda gəlincə, bununla bağlı Nazim Bəydəmirli təqsirli bilinsə də, hadisənin 1996-cı ildə Rusiyada baş verdiyi və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi əsas gətirilərək, cəza təyin olunmayıb. Lakin Nazim Bəydəmirlinin üzərinə Mürsəl İbrahimova dəymiş ziyana görə ona 49 min 740 manat təzminat ödəmək öhdəliyi qoyulub.

2005-2010-cu illərdə  104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli 2023-cü il iyulun 4-dən həbsdədir.

Keçmiş deputat Söyüdlü hadisəsində qurban seçildiyini deyir: “Gədəbəy hadisələrilə bağlı kimisə qurban vermək lazım idi, o da mən oldum”.

Editor

Related Posts