Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Akif Qurbanov yazır: “II Heydər Əliyev planını gerçəkləşdirməyə start verilib”

Akif Qurbanov yazır: “II Heydər Əliyev planını gerçəkləşdirməyə start verilib”

“Artıq II Heydər Əliyev planının gerçəkləşməsinə start verilib”.

III Respublika Platfotmasının spikeri Akif Qurbanov Kürdəxanı təcridxanasından yazdığı və sosial mediada yayılan məktubda belə deyilir.  

O, özünün və onunla bərabər yeddi ay öncə saxlanılanların həbsinin səbəbini  “respublikaçı” idealı ilə hakimiyyətin monarxist dünyagörüşü arasındakı kəskin ziddiyyətlə izah edir. 

“Bu plana hələ 2016-cı ildən hazırlaşan İlham Əliyev varis planını gerçəkləşdirməyə hazırlaşarkən respublikaçı idealla ortaya çıxan  təşəbbüsə – Üçüncü Respublika Platformasına niyə üç ay dözə bilməməsinin səbəbləri məlum oldu. Donosbaz mətbuat bizim həbsimizi guya “prezident seçkilərində, COP-29-da təxribat hazırlanması” ilə izah etsə də, indi aydın olur ki, əsas məqsəd növbəti sülalə tədbirlərinə təkcə sözdə deyil, əməldə müqavimət göstərə biləcək şəxslərin zərərsizləşdirilməsidir”.

Akif Qurbanov hesab edir ki, ictimai-siyasi şüuru olan hər kəs bu plana bacardığı formada etiraz etməlidir. O, fikrini Franklin Ruzveltin sözləri ilə davam etdirir: “Qorxacağımız yeganə şey varsa da, o da qorxunun özüdür”. 

“Qorxacağıqsa, bu qorxu bizim həyatımızı idarə edəcək. Təbii ki, bütün şüurlu insanlar kimi, mənə də, dostlarıma da qorxu hissi yad deyil. Amma əsas məsələ qorxunun öhdəsindən necə gəlməkdir. Cəsarətli insan da qorxur, sadəcə o qorxusuna rəğmən irəli addımlamaqda davam edən insandır. Ona görə də, cəsarətli olmaqdan başqa yolumuz yoxdur.

Bu sözləri Azərbaycanda qorxulu yer kimi təqdim olunan Kürdəxanı təcridxanasından yazıram. Dostlarımla yeddi aydır ki, burada, hakimiyyətin girovluğundayıq. Başqa siyasi məhbuslar da həmçinin. Yeddi aylıq təcrübəmlə bunu sizə açıq deyirəm ki, yaxşı yer olmasa da, həbsxana elə də qorxulu yer deyil, həyat bitmir, davam edir. Hətta şərti olaraq onların əlində olsan belə, sənə hər istədiyini edə bilməz, iradəni sağlam tutduğun təqdirdə. İnanın, bu hakimiyyətin gücü hüdudsuz deyil”, – A.Qurbanov yazır.

O, yenidən varis planına qayıdaraq yazır ki, Əliyev hakimiyyəti o qədər güclü olsa idi, varis planını dərhal yerinə yetirərdi. 

“Göründüyü kimi alışdıra-alışdıra etməyə çalışır. Buna mane ola biləcək insanlardan qorxur. Cəmiyyətin reaksiyasını yoxlayacaq, narahat olduğu məqamları yoluna qoymağa çalışacaq, sizlərin arasından yalançı vədlərlə “müttəfiqlər” tapmağa çalışacaq. Bir sözlə, özünə ictimai legitimlik qazanmaq istəyəcək. Bu o deməkdir ki, gücü həm də sizin dəstəyinizdən, dəstəyiniz olmasa belə, susmağınızdan almağa çalışacaq”.

Sonda III Respublika Platformasının spikeri yazır ki, idarə olunan cəmiyyətdən özünü idarə edən cəmiyyətə keçmək üçün tək adam rejiminin sülalə planına dur deyilməlidir.

Akif Qurbanov bu il martın 6-da “Toplum TV” işi ilə bağlı saxlanılıb. Bu iş üzrə həmçinin saytın təsisçisi Ələsgər Məmmədli, III Respublika Platformasının üzvü Ruslan İzzətli, “Toplum TV”-nin redaktoru Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Ramil Babayev, İlkin Əmrahov və Əli Zeynal saxlanılıb.

Təqsirləndirilən şəxslər qaçaqmalçılıqda ittiham edilirlər, amma onlar ittihamı qəbul etmir, siyasi sifariş sayırlar.

Editor

Related Posts