Mədən yanacağına xüsusi marağı olanlar iqlim danışıqlarına ev sahibliyi etməməlidir. Bu məsələni “Urgewald” və “CEE Bankwatch” tədqiqat qrupları yayımladıqları son hesabatda qaldırırlar.
Hesabatda göstərilir ki, Azərbaycanın dövlət neft-qaz şirkəti olan SOCAR və tərəfdaşları illik qaz hasilatını hazırkı 37 milyard kubmetrdən 2033-cü ilə qədər 49 milyard kubmetrə çatdırmağı planlaşdırır. Birinci24.com xəbər verir ki, hesabat barədə “The Guardian” qəzeti yazır.
Qaz hasilatı planlarına əlavə olaraq, SOCAR bu yaxınlarda 2026-cı ilə qədər Avropa İttifaqına (Aİ) qaz ixracını 17 faiz artırmağa razılaşıb. “Yaşıl enerji bölməsi” – “SOCAR Green” MMC-nin yaradılmasına baxmayaraq, hesabatda SOCAR-ın bərpa olunan enerji mənbələrinə investisiyalarının cüzi olaraq qaldığı iddia edilir.
“Climate Action Tracker” sentyabrda Azərbaycanın iqlim planını “kritik dərəcədə qeyri-kafi” qiymətləndirib, ölkənin fəlakətli qlobal istiləşməni önləmək üçün karbon emissiyalarının təcili azaldılmasının zəruri olduğu bir vaxtda mədən yanacağına daha çox önəm verdiyini qeyd edib.
Hesabatda həmçinin insan haqları ilə bağlı narahatlıqlar vurğulanıb, Azərbaycanın vətəndaş cəmiyyətini sıxışdırması haqda faktlar, SOCAR-ın ölkənin siyasi elitası ilə sıx əlaqələri qeyd olunub.