Beynəlxalq Bankın departament rəhbəri məhkəmə zalında həbs olunub

Beynəlxalq Bankın departament rəhbəri məhkəmə zalında həbs olunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının nəqliyyat departamentinin keçmiş rəhbəri Natiq Nüsrətzadənin məhkəməsi başa çatıb. Ona 6 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Ev dustaqlığında olan Nüsrətzadə məhkəmə zalında həbs edilib.

Natiq Nüsrətzadə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui- istifadə) maddələri ilə təqsirləndirilirdi. İş üzrə  zərərçəkənsə Azərbaycan Beynəlxalq Bankı idi. Nüsrətzadə bankın təxminən 50 min manatını mənimsəməkdə təqsirləndirilirdi. O, məhkəməyə  həmin pulu şəxsi ehtiyaclarına xərclədiyini bildirib.

Sonuncu məhkəmə iclasında Nüsrətzadənin vəkili Əfqan Həsənov müdafiə çıxışı edərək məhkəmənin nəzərinə çatdırıb ki, müvəkkili bankda vurduğu zərərin bir hissəsini ödəyib, qalan hissəsini də ödəmək niyyətindədir. Vəkil məhkəmədən xahiş edib ki, müvəkkilinə yüngül cəza verilsin. 

Keçmiş bank işçisi özü də son söz hüququndan istifadə edərək əməlindən peşman olduğunu dilə gətirib. Məhkəmə isə ona cəzasını həbsdə cəkməklə 6 il 6 ay cəza kəsib. Hökm elan edildikdən sonra nəzarətçilər keçmiş bank işçisinin qoluna məhkəmə zalındaca qandal vurublar.

Editor

Related Posts