“MTN işi” üzrə zərərçəkmişlər pullarını ala bilmir

“MTN işi” üzrə zərərçəkmişlər pullarını ala bilmir

Oktyabrın 29-da Nərimanov Rayon Məhkəməsində “MTN işi” üzrə zərərçəkənlərdən biri Hüseyn Səfərovun iddiası üzrə məhkəmə iclası keçirilib. 

O, Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Rəfail Səfərovun hərəkətlərinin qanunsuz elan edilməsi üçün məhkəməyə üz tutub. Ərizəçinin iddiası təmin olunmayıb. Cavabdeh isə nə bu, nə də bu iş üzrə keçirilən əvvəlki məhkəmə iclaslarına gəlib.

Söhbət ondan gedir ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin uzun illər rəisi olmuş Mövlam Şıxəliyev, bu idarənin tabeliyindəki müxtəlif şöbələrə rəhbərlik etmiş polkovniklər Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov vaxtilə ayrı-ayrı iş adamlarının yaxınlarından qanunsuz yolla milyonlarla pul almağa görə cəzalandırılsalar da, zərərçəkənlərin pulları hələ özlərinə qaytarılmayıb.

“İcra məmuru yarım milyon manatı zərərçəkənlərə vermək əvəzinə başqa hesaba köçürüb”

Zərərçəkmiş Hüseyn Səfərov da həbsdə olan keçmiş general Mövlam Şıxəliyevin cinayət işi üzrə 36 zərərçəkəndən biridir. O, icra məmuru Rəfail Səfərovun Azərbaycan Respublikası adından çıxarılan məhkəmə hökmünü icra etməməsindən narazıdır. Zərərçəkənin sözlərinə görə, cəzalarını çəkməkdə olan keçmiş MTN-çilərin əmlakları satılıb, əldə olunan milyonlarla vəsait vətəndaşlara dəymiş zərərin ödənilməsinə yönəldilməli idi.  

“Bizə – 16 nəfər zərərçəkənə çatmalı olan yarım milyon manatı Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Rəfail Səfərov başqa hesaba köçürüb. Məhkəməyə bizə qarşı baş vermiş bu cinayət barədə yazılı müracətimizi, əlavə sübut və faktları da təqdim etmişik. Rəfail Səfərov yarım milyon manatı məhkəmədə mülki iddia qaldırmayan zərərçəkənlərdən birinin hesabına keçirib. Həmin şəxs də mənimlə əlaqə saxlayıb, övladlarının canına, müqəddəs “Qurani-Kərim”ə and içir ki, yarım milyon manatdan ona bir qəpik də çatmayıb. Bizə qarşı böyük bir cinayət törədilib. Mövlam Şıxəliyevin əmlaklarının satışından əldə olunan və biz 16 zərərçəkənə ödənilməli vəsaiti icra məmuru Rəfail Səfərovla onun rəisi Zaur Abdullayev yoxa çıxarıblar”, – Hüseyn Səfərov bildirib.

Zərərçəkən Nərimanov rayon Məhkəməsinin Qətnaməsindən apellyasiya şikayəti verəcəyini deyib. 

Xatırlatma

Adları çəkilən keçmiş MTN-çilər haqqında cinayət işinin materiallarında göstərilib ki, onlar müxtəlif iş adamlarını hədələyərək zorla külli miqdarda pullarını, əmlaklarını alıb xəstə olmaları haqda ekspertiza rəyi ilə azad ediblər. 

Cinayət işində söhbət ümumilikdə 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə 5 milyon 77 min manatın ələ keçirilməsindən gedir. 

Keçmiş MTN-çilərin heç biri bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər və deyirlər ki, bu işləri özbaşına edə bilməzdilər, kiminsə haqqında cinayət işi başlanması, yaxud həbsdən buraxılması üçün mütləq prokurorluğun yazılı razılığı olmalıdı. Onlar keçmiş Baş prokuror Zakir Qaralov və onun birinci müavini olmuş Rüstəm Usubovun məhkəməyə çağırılıb dindirilməsini də tələb ediblər.

Uzun illər MTN-in İstintaq Baş İdarəsinə rəhbərlik etmiş, 2021-ci ilin aprelindən həbsdə olan Mövlam Şıxəliyev 12 il azadlıqdan məhrum edilib. O, Prezidentin sərəncamı ilə general-mayor rütbəsindən, eləcə də “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından da məhrum edilib.

İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov, II şöbənin rəisi Vüsal Ələkbərov 11 il 2 ay, şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov 8 il, Yasin Məmmədov 10 il 6 ay azadlıqdan məhrum edilib. Onların da rütbələri, orden və medallarının alınması məsələsi hökmdə əksini tapıb. 

Editor

Related Posts