Böyük Britaniyanın yüksək səviyyəli siyasətçiləri və neft sənayesi ilə sıx əlaqələri olan bir lobbiçilik şirkəti, Azərbaycan hakimiyyətinin COP iqlim sammiti öncəsində imicini yaxşılaşdırmaq üçün 4.7 milyon dollar ödəniş alır.
Birinci24.com xəbər verir ki, bu haqda “Democracy for Sale”-nin araşdırmasında deyilir.
Araşdırmaya görə, Boris Consonun keçmiş biznes rəhbəri də daxil olmaqla bəzi britaniyalı məsləhətçilər, insan haqları pozuntularında ittiham olunan Azərbaycan rejimi üçün yarımştat iş müqabilində aylıq 25,000 dollar məvacib və 50,000 dollara qədər bonus alır.
O da qeyd olunur ki, keçmiş mədəniyyət naziri Ben Bredşou və Boris Consonun keçmiş biznes rəhbərinin də çalışdığı lobbiçilik nəhəngi “Teneo” ilə yeddi aylıq müqavilə imzalanıb. Kampaniyaçılar iddia edirlər ki, bu müqavilə neftlə zəngin olan Azərbaycanın imicini “yaşıl görünüşə” bürüməyə kömək edəcək.
“Teneo”nun Azərbaycanla bağlı müqavilə üzərində çalışan lobbiçilik komandasına Boris Consonun keçmiş baş biznes müşaviri Aleks Hikman da daxildir.
ABŞ sənədlərinə görə, “Teneo” COP sammitinin təşkilatçılarına “media təlimi” keçirəcək və “narrativin inkişafı” üzrə məsləhətlər verəcək. Bu layihəyə “Teneo”nun Qlobal Strategiya Prezidenti Geoff Morrell rəhbərlik edəcək. O, Azərbaycanın ən böyük xarici sərmayədarı olan neft nəhəngi BP-nin keçmiş icraçı rəhbərlərindən biridir.
İqlim kampaniyası qrupları isə “Teneo”nu Azərbaycanın imicini “yaşıl” göstərməyə kömək etməkdə ittiham edirlər. “Global Witness” təşkilatının baş tədqiqatçısı Lela Stanley hesab edir ki, Azərbaycan kimi neft dövlətlərinə yardım edən şirkətl yaşıl görünməkdə onları dəstəkləyərək məsuliyyət daşıyırlar.
Mütəxəssislər Birliyi kampaniyaçısı Keti Malvi belə deyib: “Həm iqlim böhranını dərinləşdirən neft və qaz şirkətlərinə, həm də beynəlxalq iqlim danışıqlarına ev sahibliyi edəcək ölkənin hökumətinə xidmət göstərmək bir PR şirkəti üçün açıq şəkildə maraq toqquşmasıdır”.
“Amnesty International”-ın Baş katibi Aqnes Kallamar “Azərbaycan iqlim ədaləti üzrə beynəlxalq konfransa ev sahibliyi edir, eyni zamanda tənqidi ifadə və etirazların bütün formalarını sıxışdırmaqla və yerli vətəndaş cəmiyyətini dağıtmaqla iqlim aktivizminin əsas sütunlarını zəiflədir” söyləyib.
2011-ci ildə Prezident Bill Klintonun keçmiş köməkçisi tərəfindən təsis edilən “Teneo”, tez bir zamanda Qərbdəki ən iri lobbiçilik şirkətlərindən birinə çevrilib. Şirkətin baş qərargahı Nyu-Yorkda yerləşir.
Araşdırmada qeyd olunur ki, ümumi seçkilərdən qısa müddət sonra, firma əlaqələrini Labour hökuməti ilə gücləndirmək məqsədilə keçmiş Labour naziri Ben Bredşounu baş məsləhətçi olaraq təyin edib.
“Teneo”nun İngiltərədəki baş idarəedici direktoru Patrik Lohlan, Toni Blerin keçmiş “Downing Street”in xüsusi müşavirlərindən biri, Labour Partiyasının əvvəlki siyasət direktoru və Araşdırma Departamentinin rəhbəridir. Şirkətin idarəedici direktoru Robert Fuller də son seçki kampaniyası zamanı “Labour”-a kömək etmək üçün altı həftə könüllü işləyib.
Həm “Teneo”, həm də Azərbaycan hökuməti şərh verməkdən imtina edib.