Today Cümə, 18th Aprel 2025
Birinci 24

Birinci 24

ABŞ seçkilərində Azərbaycan və Ermənistan mövzusu

ABŞ seçkilərində Azərbaycan və Ermənistan mövzusu

Sabah ABŞ-da seçkilər prosesi öz kulminasiya nöqtəsinə çatacaq. Seçkiqabağı təbliğatda Azərbaycan və Ermənistan mövzusu son bir neçə həftədə aktuallaşıb. Demokratların namizədi ABŞ ermənilərinə müraciət ünvanlayıb. Prezident Bayden Azərbaycan və Ermənistan liderlərinə məktub göndərib.

Respublikaçı namizəd Tramp əvvəlcə bir neçə cümləlik tvitlə kifayətlənib, srağagün isə ermənilərin ən radikal din xadimi katolikos I Aramla telefonda danışıb.

Qeyd edək ki, I Aram Livandadır və bu baxımdan Tramp üçün erməni mövzusu ilə yanaşı, Livan mövzusunu da vurğulamaq vacibdir. Belə ki, son həftələr ərzində eks-prezident onun üçün əhəmiyyətli olan ştatlarda müsəlmanlarla görüşərək onlarla Livandan danışıb.

Prinsip etibarilə, ABŞ-dakı seçki təbliğatında Azərbaycan və Ermənistan mövzusuna çox az yer ayrılıb.

Bəs ABŞ ermənilərinin özləri məsələyə necə baxırlar?

Ermənilərin bu kateqoriyası Azərbaycan və Türkiyəyə münasibətdə ən radikaldır. Diaspor təşkilatları şərti olaraq üç qrupa bölünür: Daşnaklar, ramkavarlar, qınçaklar.

Ermənilərin müxtəlif qruplarının ümumi məqsədi var: Ermənistana kömək etmək. Lakin Qarabağ mövzusunda yanaşmalar fərqlidir.

Daşnaklar ANCA-nın simasında ən fəal lobbi təşkilatına malikdirlər. Bayden 1915-ci ildə olmayan hadisələri tanıdıqdan sonra yaranan boşluğu Qarabağ erməniləri mövzusu doldurub. Hazırda daşnakların öz ümidləri siyahısında rüşvətxor konqresmenlər və senatorlar vasitəsilə səsləndirdikləri bir sıra ən radikal tələbləri var.

Lakin əsas daşnak təşkilatları Trampdan inciyiblər, çünki onların fikrincə, o, 2020-ci ildə müharibəni dayandırmayıb. Daşnaklar ABŞ-ın ermənilərin Qarabağdan köçməsinə icazə verdiyi üçün Bayden administrasiyasından da inciyiblər. Nəticədə daşnaklar erməniləri heç bir namizədə səs verməməyə çağırıblar.

Bundan sonra Tramp kritik ştatlarda ermənilərdən dəstək almaq üçün dindar cildindəki terrorçu I Arama müraciət etməyə başlayıb.

Nəticə və perspektiv nədən ibarətdir?

Dəfələrlə qeyd etdiyimiz, Bayden administrasiyasının erməni mərkəzli yanaşması nəticəsində ABŞ prezident seçkiləri öncəsi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə nail ola bilməyib. Uğursuzluğun səbəbi amerikalı diplomatların birtərəfli yanaşması olub. Bu ayrıseçkiliyin əsasında isə həmin diplomatların ABŞ Konqresi və Senatındakı ermənipərəst siyasətçilər qarşısındakı qorxusu dayanır.

Perspektiv üçün…

ABŞ-dakı erməni təşkilatları seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq, seçkilərdən sonra namizədlərin Qarabağ ermənilərilə bağlı açıqlamalarından istifadə edəcəklər. Bu, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirəcək.

Yeni seçilmiş prezident bölgəmizdəki prosesləri tələsdirməyə çalışacaq, çünki Rusiya ilə Ukrayna arasındakı müharibə, eləcə də Yaxın Şərq böhranı ilə müqayisədə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi mövzusu daha çox işlənilmiş mövzudur.

İndiki məqamda Azərbaycan diplomatiyası ABŞ-ın yeni rəhbərliyinin təkliflərini konstruktiv istiqamətə yönəltmək üçün hər cür səy göstərməli olacaq. Əgər bu, Vaşinqtonun məhz həmin erməni mərkəzliliyinə görə mümkün olmasa, o zaman növbəti təzyiq dalğasına hazırlaşmaq lazımdır.

Birləşmiş Ştatlar anlamalıdır ki, Qarabağ mövzusunda Bakı bir qarış belə geri çəkilməyəcək… və əgər Vaşinqton Azərbaycanı sanksiyalarla hədələyib onları hər hansı bir formada tətbiq etsə, bu, həmin sanksiyaların səbəbkarı olan Ermənistan üçün, xüsusilə də Ağ Evin sevimlisinə çevrilmiş Paşinyan rejimi üçün təhlükə yaradacaq.

Əlbəttə ki, konstruktiv fəaliyyət daha yaxşıdır, çünki sülh müqaviləsi mövzusu artıq kifayət qədər işlənərək hazırlanıb. İndi yalnız müsbət impuls, prosesi başa çatdırmaq və belə mühüm beynəlxalq müqaviləni prezidentlik müddətinin başlanğıcında öz daxılına əlavə etmək üçün tərəflərə konkret təkliflər vermək qalıb.

Editor

Related Posts