Bu gün Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Anar Əliyevin şəhid olmasından 2 il ötür

Əliyev Anar Vaqif oğlu 1980-ci il avqustun 28-də Azərbaycanın ən dilbər guşələrindən biri – şairlər, sənətkarlar ocağı, gözəl təbiəti, təbii sərvətləri ilə digər bölgələrdən fərqlənən Kəlbəcər rayonunun Boyaqlı kəndində anadan olub. Ziyalı ailəsində dünyaya göz açan Anar təkcə öz doğmalarının deyil, yurdunun, elinin, bütün Azərbaycanın fəxrlə andığı qəhrəmanlardan biridir. Düşmən tərəfindən 1993-cü ildə Kəlbəcər rayonunun işğalı nəticəsində köçkünlük həyatı kəlbəcərlilərdən, eləcə də şəhid Anar Əliyevin ailəsindən yan keçmir. Hələ uşaq ikən qisas hissi ilə böyüyən Anar hərbçi olmaq qərarına gəlir və ömür yolunu Cəmşid Naxçıvanski adına Hərbi Liseydən salır. 1997-ci ildə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə (indiki Heydər Əliyev adına ali Hərbi Məktəb) daxil olur və 2001-ci ildə hərbi məktəbi “Qoşun kəşfiyyatı” ixtisası üzrə müvəffəqiyyətlə bitirir. O, “leytenant” hərbi rütbəsindən “polkovnik-leytenant” hərbi rütbəsinədək yüksəlir və qoşunlarda müxtəlif vəzifələrdə xidmət edir. Anar harada xidmət etməsindən asılı olmayaraq, komandanlıq tərəfindən qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlir.          
Erkən yaşlarından məcburi köçkün həyatı yaşaması, dədə-baba yurdundan ayrı düşməsi onda düşmənə qarşı ikiqat nifrət hissi yaratmışdı. Peşəkar zabitin doğma el-obasının azadlığı naminə və şəhidlərimizin ruhu qarşısında verdiyi qisas andına sədaqəti Vətən müharibəsində özünü göstərdi. Polkovnik-leytenant Anar Əliyevin rəhbərlik etdiyi heyət qarşıya qoyulan döyüş tapşırıqlarının müvəffəqiyyətlə icra edilməsinə nail oldu.         
Anar Əliyev Vətən müharibəsinə Naxçıvandan oktyabrın 11-i yollandıqdan sonra rəhbərlik etdiyi şəxsi heyətlə birlikdə döyüşə Füzuli istiqamətindən başlayıb. Hadrut, Cəbrayıl, Xocavənd, Qubadlı istiqamətlərində irəliləyib. Ən çətin yüksəkliklərin azad olunması tapşırığına özü şəxsən rəhbərlik edib. O, sonuncu dəfə Füzuli-Xocavənd istiqamətində vuruşub. Komandirliyini etdiyi briqada ilə birlikdə son əməliyyatlar nəticəsində, 21 oktyabr tarixində Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini işğaldan tam azad edib. Anar Əliyev bu kəndlər azad edildikdən sonra Xocavənd istiqamətindəki döyüşlərdə vuruşub. O, 21 oktyabr 2020-ci ildə Xocavənd rayonun Tuğ kəndi və Şuşaya gedən yoldakı böyük önəmə sahib olan strateji yüksəkliklər istiqamətində gedən döyüşlər zamanı itirdiyi mövqeyi geri qaytarmağa cəhd edən düşmənin atdığı atəşlər nəticəsində şəhid olub.

Qəhrəman Vətən oğlu 2018-ci ildə Naxçıvanda gedən “Günnüt” əməliyyatında da iştirak edib, şücaət göstərib. Anar Əliyev 2018-ci ilin mayında Günnüt əməliyyatında yaxından iştirakına, döyüşlərdə fərqlənməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən elə həmin ildə, Silahlı Qüvvələr Günündə “Şücaətə görə” medalı ilə təltif edilib.   
O, ömür yolunun 40-cı ilində əbədiyyətə qovuşdu. Ərazi bütövlüyümüzün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirdiyi zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Anar Əliyev (ölümündən sonra) “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb və eyni zamanda “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhid polkovnik-leytenant Anar Əliyev haqqında onun tabeliyində olan zabit və əsgərlər böyük fəxarət hissi ilə danışırlar. Bildirirlər ki, gələcək nəslə örnək həyat yaşayan zabitin qəhrəmanlığı dillərə dastan oldu.

admin

Related Posts