Rusiya çox yaxın vaxtlarda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlanacağını və bu məqsədlə Rusiya ixrac kreditinin veriləcəyini gözləyir.
Birinci24 informasiya agentliyi TASS-a istinadən xəbər verir ki , bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
“Biz iranlı dostlarımızın Rəşt-Astara dəmir yolu xəttinin tikintisi başlamazdan əvvəl atılması lazım olan bütün addımları atmasından məmnunluq ifadə etdik. Biz gözləyirik ki, tikinti çox yaxın vaxtlarda başlayacaq. Rəşt-Astara hissəsi bizə çox mühüm addım atmağa imkan verəcək, çünki bu, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tam işə salınması üçün zəruri olan hissədir”, – deyə rusiyalı nazir qeyd edib.
İranın “Tasnim” agentliyinin məlumatına görə, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi Hindistan, İran, Azərbaycan, Rusiya, Mərkəzi Asiya və Avropa arasında yüklərin daşınması üçün 7200 km-lik çox rejimli dəniz, dəmir yolu və avtomobil marşrutları şəbəkəsidir.
İran rəsmiləri Rəşt-Astara dəmir yolunun fəaliyyətə başladığı ilk ildə bir milyon sərnişin və 10 milyon ton yük daşıyacağını hesablayıblar.