Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki, Ermənistanla sülh sazişinin mətni üzrə danışıqlar prosesi yekunlaşıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, jurnalistlərə açıqlama verən nazirin sözlərinə görə, açıq qalan iki maddə üzrə Ermənistan Azərbaycan tərəfinin təkliflərini qəbul edib.
C.Bayramov hazırda Azərbaycanın əsas gözləntisinin Ermənistanın konstitusiyasında dəyişiklik etməsi olduğunu qeyd edib.
“Əlavə olaraq Minsk qrupu və onun qalıqlarının da ləğv olunması həyata keçirilməlidir”.
Sülh sazişi layihəsinin 17 maddədən ibarət olduğu bildirilir. İndiyədək saziş layihəsinin 15 maddəsi razılaşdırılmışdı.
Razılaşdırılmamış maddələrdən biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaq, digəri başqa ölkələrin nümayəndələrini Azərbaycan-Ermənistan sərhədində yerləşdirməməklə bağlı idi.