Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı ev dustaqlığı qərarı verilib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə aprelin 3-də Baş Prokurorluqdan məlumat verilib.
Məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Dövlət texniki nəzarət şöbəsinin müdir müavini Rəşad Yolçiyev və həmin Nazirliyin 1 saylı Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki nəzarətin təşkili sektorunun müdiri Arif Həsənov rüşvət almaqda şübhəli sayılırlar. Artıq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb: “Rəşad Yolçiyev və Arif Həsənova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib. Barələrində… Binəqədi rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib”.
Hələlik, ittihamlara sözügedən şəxslər və onların vəkillərindən münasibət almaq mümkün olmayıb. Bu ittihamlar təsdiqini taparsa, şəxslərə 12 ilə qədər həbs cəzası verilə bilər.