Səlahiyyət müddəti bitən Xanlar Vəliyevə Prezidentin sərəncamı ilə verilmiş 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni də təqdim olunub.
Birinci24 informasiya agentliyi xəbər verir ki, Baş prokurorun müavini, Hərbi prokuror Xanlar Vəliyev səlahiyyət müddəti başa çatdığı üçün təqaüdə göndərilib.
Aprelin 8-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə bununla bağlı tədbir keçirilib.
Xanlar Vəliyevə Prezident İlham Əliyevin sərəncamı ilə verilmiş 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub.
Xanlar Vəliyev İlham Əliyevə təltifə görə təşəkkür edib.
1955-ci il təvəllüdlü Xanlar Vəliyev 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirərək prokurorluq orqanlarında fəaliyyətə başlayıb. Əmək fəaliyyətinə Gəncə şəhər prokurorluğunun baş müstəntiqi və şəhər prokurorunun köməkçisi kimi başlayan Xanlar Vəliyev daha sonra Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində çalışıb, 1993–2000-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini olub.
2005-ci il fevralın 10-da Prezidentinin sərəncamı ilə Baş prokurorun müavini – Hərbi prokuror vəzifəsinə təyin edilib.
O, Prezidentin sərəncamları ilə “Hərbi xidmətlərə görə” medalı, “Azərbaycan bayrağı” ordeni, “Vətənə xidmətə görə” 2-ci və 1-ci dərəcəli ordenləri, “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib, həmçinin “Əməkdar hüquqşünas” fəxri adına layiq görülüb.
Xanlar Vəliyevin bu il martın 15-də 70 yaşı tamam olub.
Onun adı “Tərtər işi”ndə bu işin təşkilatçılarından biri kimi tez-tez çəkilir.
2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri arasında bir neçə günlük hərbi münaqişə olub.
Münaqişədən bir il sonra, 2017-ci ildə vətənə xəyanətdə təqsirləndirilən Azərbaycan hərbi qulluqçuları ilə bağlı ölkədə irimiqyaslı işgəncə hadisəsi baş verib.
2017-ci ilin may-iyun aylarında Tərtərdə 500 nəfərdən artıq hərbçiyə ağır işgəncələr verilib.
Nəticədə 10 nəfərdən çox hərbi qulluqçu həyatını itirib.
Hərbi prokuror Xanlar Vəliyev işgəncələr nəticəsində yalnız bir nəfərin öldüyünü bildirib.
2021-ci ildə Azərbaycan hakimiyyəti bu işi təkrar araşdırıb.
Bir neçə məhkəmə prosesi keçirilib və günahkarların bəziləri müxtəlif həbs cəzalarına məhkum ediliblər. Bununla belə, hələ də bütün iş üzrə kompleks araşdırma aparılmayıb.
Məhkəmə proseslərində təqsirləndirilən şəxslər, onların vəkilləri, eləcə də zərərçəkmişlər bir neçə dəfə vəsatət qaldırıblar ki, müdafiə naziri Zakir Həsənov, o vaxtkı Baş Qərargah rəisi Nəcməddin Sadıkovdan tutmuş, hərbi prokuror Xanlar Vəliyev, korpus komandiri Hikmət Həsənova qədər hamısı dindirilsin. Lakin hakimlər hər dəfə bu vəsatətləri rədd edib.