Aprelin 15-dən etibarən Azərbaycana yağan yağışlar nəticəsində Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müxtəlif istiqamətlərdə əraziləri su basıb.
Bir neçə saat davam edən yağış nəticəsində Bakıda bir sıra yollarda hərəkət çətinləşib.

Gecədən yağan yağışdan sonra Nərimanov rayonu Heydər Əliyev prospekti, Bağırov körpüsünün ərazisində hərəkət çətinləşib. Bəzi yollarda isə suyun səviyyəsinin çox olması hətta sərnişin avtobuslarının salonuna daxil olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, hazırda ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar yaranan fəsadların aradan qaldırılması istiqamətində əməliyyat davam etdirilir.
Son məlumata görə, 10-u uşaq olmaqla, ümumilikdə 31 nəfər vətəndaş təxliyə olunub.

Hazırda Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir.
Bundan əlavə, güclü küləyin təsirindən Bakı şəhəri, Nəsimi rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında mənzilin eyvanının hissələrinin qoparaq asılı vəziyyətdə qalması nəticəsində vətəndaşlar üçün yaranmış təhlükəli vəziyyət Nazirliyin xilasediciləri tərəfindən operativ olaraq aradan qaldırılıb.

Son illər Bakıya yağan güclü yağış, bir qayda olaraq, fəsadlar törədir. Hətta ötən il oktyabrın 21-22-si paytaxtda yağış bir sıra problemlərlə yanaşı, insan faciəsinə də yol açıb. Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə iki şəxs həyatını itirmişdi. Halbuki, ölkədə su və kanalizasiya problemlərinə milyardlarla vəsait xərcləndiyi deyilir.
Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında da göstərilir ki, 2020-2040-cı illərdə paytaxtın su və kanalizasiya sistemlərinin qurulmasına 9.2 milyard manat vəsait tələb olunur. Onlardan 487.9 milyon manatı sırf yağış kanalizasiya xətlərinin çəkilməsinə lazımdır. Bəzi ekspertlər deyir ki, şəhərdə subasmaların əsas səbəbi adi kanalizasiya xətlərinin yağış kanalizasiya xətindən ayrı olmamasıdır. Üstəlik, onlar bu sahədə ciddi korrupsiya hallarına da yol verildiyini güman edirlər.