Xaricə satılan kartofun qiyməti daxili bazarda satılan kartofun qiymətindən 2,2 dəfə ucuz olub.
Bu ilin ilk 3 ayında Azərbaycandan xarici ölkələrə 1 009,4 ton kartof ixrac edilib.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, son 3 ayda ixrac olunan kartofun təxminən 82%-i, yəni 831 tonunun ixracı martda həyata keçirilib.
Martda ölkə daxilində kartofun pərakəndə satış qiyməti 1 manat 25 qəpik olub. Bu o deməkdir ki, xaricə satılan kartofun qiyməti daxili bazarda satılan kartofun qiymətindən 2,2 dəfə ucuz olub.
Martda xaricə satılan kartofun bir kiloqramının orta gömrük dəyəri 56 qəpik (33 sent) olub.
Hazırda Azərbaycanda kartofun qiymətinin artması müşahidə olunur.
Hazırda bazar və marketlərdə təzə kartof sortundan və ölçüsündən asılı olaraq müxtəlif qiymətlərə təklif edilir. Hətta kiloqramı 5-6 manata belə satılan təzə kartoflar var.
Ötənilki kartof isə nisbətən ucuzdur. Əgər bir həftə əvvəl bazar və marketlərdən kiloqramı 1 manata köhnə kartof almaq mümkün idisə, artıq aprelin 18-də Bakıdakı bir sıra marketlərdə bu rəqəm 1 manat 80 qəpiyə qədər yüksəlib.
Bahalaşmaya rəsmi qurumlardan münasibət bildirilmir. Amma bir qədər əvvəl Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilmişdi ki, bir çox malların, o cümlədən, kartofun qiymətini bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri sərbəst müəyyən edirlər.
Müstəqil iqtisadçılar isə bunu bir neçə amillə izah edirlər. Onlar qeyd edirlər ki, bu ilin ilk iki ayının göstəricilərinə görə, ölkədə kartof istehsalında azalma var. Üstəlik, onların fikrincə, burada Tarif Şurasının qərarları da rol oynayıb. İqtisadçılar xatırladırlar ki, 2024-cü il iyunun 30-da dizel yanacağı 20 faiz bahalaşıb, bu da daşımalara təsir edir. Habelə, 2025-ci ilin əvvəlində də Tarif Şurası bəzi xidmət sahələrində ödənişləri artırıb.