Son 7 ildə Azərbaycanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətləri törədən qadınların sayı 7 dəfəyə yaxın artıb.
Birinci24 informasiya agentliyi açıqlanan sonuncu rəsmi məlumatlara istinadən bildirir ki, 2017-ci ildə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətləri törədən qadınların sayı 36 nəfər olduğu halda, 2023-cü ildə bu göstərici 240 nəfərə yüksəlib.
Məlumat üçün onu da bildirək ki, 2023-cü ildə cinayət törədən qadınların sayı 1299 nəfər olub. Bu, 2012-ci ildən sonra qeydə alınan ən yüksək göstəricidir. 2012-ci ildən sonra cinayət törədən qadınların sayında azalma müşahidə olunub və 2020-ci ildə onların sayı son 30 ildə minimum səviyyəyə – 869 nəfərə düşüb.
Lakin 2021-ci ildən cinayət törədən qadınların sayında yenidən artım müşahidə edilib. Belə ki, 2021-ci ildə cinayət törədən qadınların sayı 1168 nəfərə, 2022-ci ildə 1227 nəfərə, 2023-cü ildə isə 1299 nəfərə yüksəlib.
Ən kəskin artımlardan biri də dələduzluq cinayəti törədən qadınların sayında qeydə alınıb. 2020-ci ildə Azərbaycanda 98 dələduz qadın olduğu halda, 2021-ci ildə bu rəqəm 159-a, 2022-ci ildə 185-ə, 2023-cü ildə isə 227-yə çatıb.
Son 4 ildə soyğunçuluq edən qadınların sayı 5-dən 9-a, quldurluq edən qadınların sayı 2-dən 3-ə, xuliqanlıq edən qadınların sayı isə 34-dən 40-a yüksəlib.