Today Cümə, 25th Aprel 2025
Birinci 24

Birinci 24

Azərbaycanda istilik təchizatı üçün tariflər artırıla bilər

Azərbaycanda istilik təchizatı üçün tariflər artırıla bilər

Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında – “İstilik təchizatı haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdə iştirak edən “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəliyev deyib ki, Azərbaycanda istilik təchizatı üçün tariflər aşağıdır. O, hazırda “Azəristiliktəchizat”ın subsidiya ilə fəaliyyət göstərdiyini qeyd edib:

“Buna görə də istənilən istilik təchizatı obyektinin “Azəristiliktəchizat”ın balansına verilməsi üçün həm əlavə xərc çəkilməsi, həm də əlavə subsidiya ödənilməsi tələb olunur. Subsidiyanın mərhələli şəkildə azaldılması istiqamətində addımlar atılır. 2023-cü ildə Nazirlər Kabinetinin təsdiq etdiyi qərarla yaşayış sahəsi ümumi sahə ilə əvəzlənib. Bu, gəlirləri müəyyən qədər artırmağa imkan verib, bizim ildə təxminən 2 milyon manat əlavə gəlir əldə etməyimizə səbəb olub. 2025-ci il yanvarın 1-dən tariflər hər kv.m. üçün 30 qəpik civarında məyyən edilib. Bu da gəlirlərin iki dəfə artması deməkdir”.

İlham Mirzəliyev  həmçinin bildirib ki, Azərbaycanda mənzillərdə istilik sistemlərinin sayğaclaşdırılması texniki cəhətdən mümkün deyil.

“Bunun üçün bütün mənzillərin otaqlarındakı batareyaların üzərinə xüsusi qurğular – datçiklər yerləşdirilməlidir. Bu isə kifayət qədər bahalıdır. Bunun həyata keçirilməsi Azərbaycan reallığında mümkün deyil”.

“Buna görə də biz binaya verilən enerji sərfiyatını dəqiqləşdirmək üçün mənzillərə deyil, binaya sayğac qoyulmasını təklif etdik. Bununla binaya verilən enerjinin miqdarı mənzillərin sayına uyğun olaraq bölünəcək və onun həcmi müəyyən ediləcək”, – deyə sədr əvəzi bildirib.

İlham Mirzəliyev həmçinin deyib ki, Azərbaycanın yaşayış fondu təxminən 230 milyon kvadratmetr təşkil edir ki, bunun da təxminən 90 %-i, yəni 204 milyon kvadratmetri istiliklə təmin olunur.

Bu il yanvarın 2-dən Tarif Şurasının  qərarı ilə  “Azəristiliktəchizat” ASC tərəfindən əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi 1 Qkal üçün ƏDV daxil olmaqla 14,60 manat, sayğac quraşdırılmadığı halda isə aylıq 1 m2 üçün ƏDV daxil olmaqla 0,30 manat təyin edilib.

Editor

Related Posts