Today Cümə, 25th Aprel 2025
Birinci 24

Birinci 24

“Homay”: Başqırd mahnısı dünya çartlarını “partlatdı”…

“Homay”: Başqırd mahnısı dünya çartlarını “partlatdı”…

Başqırdların “Ay Yola” qrupunun mart ayında təqdim olunan “Homay” mahnısı təkcə Rusiyada deyil, onun hüdudlarından kənarda, xüsusən türkdilli ölkələrdə qeyri-adi populyarlıq qazanıb.

Müşahidəçilər bu uğuru “başqırd mədəniyyətinin dünyaya böyük sıçrayışı” kimi qiymətləndirirlər. Tənqidçilər isə “Ay Yola”nın üzvlərindən birinin Ukrayna ilə müharibəni dəstəklədiyini vurğulayır və qrupun gələcək yaradıcılıq taleyini sorğulayırlar.

“Ay Yola” qrupu 2024-cü ildə Ufada yaradılıb. Qrupun üzvləri musiqiçi, səs mühəndisi və prodüser Ruslan Şayxitdinov, onun qızı, müğənni və musiqiçi Adel Şayxitdinova və musiqiçi, “Arqımak” etnoqrupunun solisti və rəhbəri Rinat Ramazanovdur.

“Homay” kompozisiyası “Ay Yola” qrupunun qədim başqırd dastanı “Ural-Batır” əsasında yazılmış mahnılar silsiləsindən ikincisidir. Mahnı yayımlandıqdan qısa müddət sonra “Shazam” dünya çartının ilk 5-liyinə daxil olub və Ledi Qaqanın “Abracadabra” da daxil, Qərb ulduzlarının mahnılarını geridə qoyub. “Homay” həmçinin Qazaxıstan, Özbəkistan və Ukraynada da hit-paradların zirvəsinə yüksəlib.

“Bu, şübhəsiz, başqırd mədəniyyətinin dünyaya böyük bir sıçrayışıdır. Xatırladığım qədərilə, heç vaxt belə bir şey olmamışdı ki, başqırd mahnısı bir anda bir neçə ölkədə gerçək hitə çevrilsin”, – başqırd siyasi mühaciri Ruslan Qabbasov bildirib.

Başqırd rep ifaçısı, Baymakdakı etirazlardan sonra Rusiyanı tərk edən Altinay Valitov da əlavə edib: “Onlar “Ural-Batır” dastanı ilə interneti partlatdılar, başqırd mədəniyyətini və Başqırdıstanı bütün dünyaya tanıtdılar. Mən, əlbəttə ki, soydaşlarımla qürur duyuram və onlara həsədlə baxıram”.

“Homay” mahnısı artıq bir çox dilə də tərcümə olunub.

“Homay”ı niyə tənqid edirlər?

“Business Online” yazır: “Rusdilli internetdə musiqisevərlər “Ay Yola” qrupunu orijinal nəsə buraxmamaqda və “milliyyət mövzusunda oynamaq”da ittiham edirlər. Həqiqətən də, “Ay Yola” layihəsini tamamilə qeyri-adi adlandırmaq çətindir; Rusiyada xalq musiqisini elektron musiqi elementləri ilə qarışdıran kifayət qədər qrup var. Bir neçə nümunə də çəkmək olar, məsələn, Yakut dilində xaricdə çıxış edən Krasnoyarsk qrupu “Otyken”.

Tatarıstanın başqa bir nəşri “InKazan” bloqer Güzel Xusnutdinovaya istinadən yazır: “Mahnının tərcüməsi İslama ciddi şəkildə ziddir”.

R.Qabbasov isə bu tənqidlər barəsində deyib: “Başqırdlarda islam olduqca mülayim və “dünyəvi” xarakter daşıyır. Respublikamızda Quranın hər hərfinə tam riayət edən müsəlmanlar çox azdır. İstənilən halda hətta ən radikal başqırd müsəlmanlar da kurayı (başqırd milli nəfəs aləti) dinləyir, musiqiyə qulaq asırlar, çünki biz çox musiqisevər bir xalqıq”.

“Homay” ilə bağlı başqa bir tənqid ifaçı Adel Şayxitdinovanın mahnının sözlərini necə tələffüz etməsi ilə bağlıdır. Başqırd rejissor və ictimai xadimi Tansulpan Burakayeva deyib ki, “Homay” mahnısında o və onun kimi düşünənlər özlərinə doğma bir şey tapa bilmir: “Çünki diqqətimizi uyğun gəlməyən sözlər və melodiyada səhv yerlərdə vurğulanan səslər yayındırır. Mahnının mətni və ifa tərzi bizə qeyri-təbii gəlir”.

A.Şayxitdinova öz aksenti ilə bağlı tənqidlərə cavab olaraq bildirib ki, bu barədəki şərhlərə “tamamilə normal” yanaşır. Onun sözlərinə görə, bəzi dinləyicilər “əksinə, bunda bir cəlbedicilik tapıblar”.

“Yarı başqırd, yarı rusam, ailəmizdə ana dilini bilən heç kim yoxdur. Amma bu, mənim xalqımın mədəniyyətinə maraq göstərməyimə və öz doğma dilimdə oxumağıma mane olmur”, – o bildirib.

Mahnı ilə bağlı tənqid və mübahisələr arasında qrupun bəzi üzvlərinin Rusiya-Ukrayna müharibəsinə münasibəti xüsusi diqqət çəkib.

İnternet istifadəçilər və jurnalistlər Rinat Ramazanovun 2023-cü ilin noyabrında qardaşını “xüsusi hərbi əməliyyat” zonasına yola saldığını yazdığı bir postu xatırladıblar. Həmçinin media Ramazanovun sosial media hesablarında Rusiya ordusunun ehtiyacları üçün ianə haqqında paylaşımlar etdiyini yazıb.

Ramazanovun mövqeyi mahnının xüsusilə populyar olduğu Qazaxıstanda müzakirə olunur.

R.Qabbasov isə bildirib ki, “Yalnız Rinat Ramazanov müharibəni dəstəkləyir, qrupun digər üzvləri bu barədə hələ bir açıqlama verməyiblər və bütün qrupu ittiham etmək ədalətsizlik olardı”.

Qabbasovun sözlərinə görə, onlardan hər hansı biri və ya bütün qrup müharibənin əleyhinə çıxış etsəydi, ya susmalı, ya da dərhal mühacirət etməli idilər: “Müharibə haqqında ən azı susmaları artıq böyük bir addımdır, çünki bu mövzuda onlara artıq açıq təzyiqlər başlayıb”.

Başqırd fəal onu da bildirib ki, xaricdə çıxış edərkən musiqiçilər hələ də müharibəyə münasibət məsələsi ilə üzləşməli olacaqlar: “Bir növ Rusiya ideologiyası ilə bağlı olduğunuzu nümayiş etdirsəniz, Ukrayna ilə müharibəni dəstəkləsəniz, buna görə türkdilli ölkələrdə ağır tənqidlərə məruz qalmağa, bəlkə də, konsertləriniz ləğvinə hazır olun”.

Editor

Related Posts