Today Cümə, 25th Aprel 2025
Birinci 24

Birinci 24

Buraxılış imtahanlarında nəticələr dəyişdi: Sistem niyə sabit deyil?

Buraxılış imtahanlarında nəticələr dəyişdi: Sistem niyə sabit deyil?

Məktəb proqramları ilə imtahan formatı arasında uyğunluğun tam təmin olunmaması, müəllim hazırlığında metodiki boşluqlar və qiymətləndirmə meyarlarında şəffaflığın yetərli səviyyədə olmaması hələ də əsas problemlər sırasında qalır. Belə bir vəziyyətdə sual yaranır: təhsildə nəticələrin sabit və etibarlı ölçülməsi üçün hansı əsas dəyişikliklərə ehtiyac var?

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı açıqlama verib. O, lazımi məqamları vurğulayıb:

“Beynəlxalq təcrübəyə nəzər yetirdikdə görmək olar ki, inkişaf etmiş ölkələrdə buraxılış və qəbul imtahanları nəticələrinin yüksək bal göstəriciləri həmişə aşağı faizlə ölçülür. Məsələn, Koreyada CSAT imtahanında iştirak edən yüz minlərlə şagirddən yalnız təxminən 1-2% maksimal bal toplayır. Finlandiyada isə məktəb imtahanları əsas qiymətləndirmə vasitəsi olduğundan dövlət səviyyəsində yekun qiymətləndirmə testləri ümumi bilik deyil, bacarıq yönümlü olur və yüksək nəticəyə çatanların faizi məhduddur. Azərbaycanda da bu yanaşmanın tətbiq olunması – yəni imtahan sistemində rəqabətin azaldılması deyil, reallığın dəqiq ölçülməsi – təhsilin məzmun dəyişikliyi ilə paralel getməlidir.

Əldə olunan nəticələr sistemin artıq daha ciddi, analitik və funksional yönlü bir qiymətləndirməyə keçdiyini göstərir. Lakin bu nəticələri saxlamaq və yüksəltmək üçün bəzi məsələlər dəyişməlidir. Əvvəla, məktəblərdə tətbiq olunan təhsil proqramları ilə buraxılış imtahanlarının formatı tam uyğunlaşdırılmalıdır. Hazırda məktəb proqramında nəzərdə tutulan məzmunla DİM-in imtahan modeli arasında müəyyən uyğunsuzluq qalmaqdadır. Müəllimlər müasir imtahan tələblərinə cavab verən metodika ilə hazırlıq keçməlidir, kurikulumun reallaşdırılması isə real sinif şəraitinə uyğunlaşdırılmalıdır”.

K.Əsədov onu da qeyd edib ki, qiymətləndirmənin şəffaf və izah edilə bilən olması da vacib məsələdir:

“Şagird və valideyn üçün hansı bacarığın neçə balla qiymətləndirildiyi, hansı səhvin neçə bala başa gəldiyi aydın olmalıdır. Əks halda, yüksək bal toplayanların sayındakı dəyişkənlik “şans” amili ilə izah ediləcək və sistemin etibarlılığına kölgə sala bilər. Buraxılış imtahanlarının nəticələri yalnız ali məktəblərə qəbul üçün yox, həm də ümumtəhsil məktəblərinin fəaliyyətinin keyfiyyət göstəricisi kimi nəzərdən keçirilməli, bu nəticələr rayon, məktəb, sinif və müəllim üzrə təhlil edilməlidir.

Son iki ilin buraxılış imtahan nəticələri təhsildə keyfiyyətin tədricən formalaşdığını, lakin hələ də sabit sistem qurulmadığını göstərir. 2024-cü ildə qeydə alınan maksimum nəticələrin artması müsbət siqnal idi, 2025-ci ildə bu sayın azalması isə təhsil sahəsində sabit, amma hələ də tam sistemli olmayan bir idarəçiliyin mövcudluğuna işarədir. Nəticələr göstərir ki, sistem dəyişir, amma bu dəyişikliklər hələ bütün məktəbləri və müəllimləri əhatə etməyib. Əgər bu tendensiya davam etdirilərsə, müəllim hazırlığında dərin islahatlar aparılarsa, dərslik və proqram məzmunu yenilənərsə, qiymətləndirmə meyarlarında şəffaflıq daha da artırılarsa, gələcək illərdə bu nəticələrin keyfiyyət və ədalət baxımından daha balanslı olacağı gözlənilə bilər”.

Editor

Related Posts