İki il öncə narkotik ittihamı ilə həbs edilən Anar Elmar oğlu Əliyev günahsız olduğunu və işinə yenidən baxılmasını istəyir.
Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan məhkum bildirib ki, işləmədiyi cinayətə görə ona qarşı təzyiqlər hələ də davam edir.
Anar Əliyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda törədildikdə — əmlakı müsadirə olunmaqla beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə), 234.4.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 234.4.2 (təkrar törədildikdə) və 206.3.2 (206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.
Anar Əliyev bildirir ki, polis əməkdaşları Bəylər Nizami oğlu Nağıyev və Elşad Cəmiyyət oğlu Qurbanov tərəfindən şərlənib, şantaj olunub və ağır işgəncələrə məruz qalıb. Şantaja məruz qalan məhbus narkotik ittihamını məcburiyyətdən boynuna aldığını bildirib.
Məhkum deyir ki, onu saxlayan əməliyyatçı, polis mayoru Bəylər Nağıyev 2023-cü ildə 30 kiloqram narkotiklə həbs edilib:
“Onu Bakı Şəhər Baş Polis İdarəsi saxlayıb. Araşdırmalar nəticəsində polis mayorunun İran vətəndaşı ilə əlaqələri üzə çıxıb. Onların mütəmadi “WhatsApp”la danışdığı məlum olub. Bəylər Nağıyev məhkəmənin hökmü ilə həbs olunaraq Bakı İstintaq Təcridxanasına göndərilib. Bir neçə ay təcridxananın ikinci korpus, üçüncü kamerasında saxlanılıb. Polis mayoru həbs olunarsa, hansı generalın sifarişi ilə məşğul olduğunu açıqlayacağını deyib. Ona görə də polis mayorunun işinə xitam verilib və azadlığa buraxılıb”.
Anar Əliyev bu barədə bütün aidiyyəti qurumlara yazdığını deyib. O, bildirib ki, məruz qaldığı işgəncələri prokurorluq və məhkəmə də təsdiq edib. Anar Əliyev Prezidentə, Birinci vitse-prezidentə, Məhkəmə Hüquq Şurasına da dəfələrlə müraciət etdiyini deyib, amma hələ ki, nəticə yoxdur.
Hazırda Anar Əliyevin işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılır.
Məhkum deyir ki, hakim Elcan Məmmədov ittiham tərəfinin vəkili rolunda çıxış edir.
Anar Əliyevin hüquqlarını Kamandar Nəsibov və Həsənəli Səfərov müdafiə edir.
Daxili İşlər və Ədliyyə Nazirlikləri məsələ ilə bağlı sorğunu cavabsız buraxıb.