Araşdırma zamanı məlum olub ki, həmin mərkəzlərin aid olduğu kompleks Prezidentin özünə məxsusdur.
Prezident İlham Əliyev bu gün “Xankəndi” Mehmanxana Kompleksinə aid olan “Xankəndi” Biznes Mərkəzi və “Xankəndi” Konqres Mərkəzinin açılışında iştirak edib.
Birinci24 informasiya agentliyinin məlumatına görə, Meydan TV-nin araşdırması zamanı məlum olmuşdu ki, “Xankəndi” Mehmanxana Kompleksinə daxil olan “Qarabağ”, “Palace” və “Bulud” hotelləri birbaşa Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin nəzdindədir və ona aiddir. Hotellərin tikintisinə yaxud bərpasına büdcədən nə qədər vəsait ayrılması, onun necə xərclənməsi, tikinti-təmir-bərpanın hansı şirkətlərin həyata keçirməsi barədə məlumatlar isə açıqlanmayıb.
Eyniylə də “Xankəndi” Biznes Mərkəzi və Konqres Mərkəzi üçün də bu məlumatlar sirr olaraq qalmaqdadır.
Dörd mərtəbədən ibarət “Xankəndi” Biznes Mərkəzi ümumilikdə 4500 kvadratmetrdən artıq sahəni əhatə edir. Burada 24 ofis sahəsi, 6 iclas otağı mövcuddur. Bundan əlavə, Mərkəzdə 120 nəfər qonaq üçün nəzərdə tutulan “Zefir Cafe & Terrace” restoranı, həmçinin dəftərxana və mətbəə məhsullarının satışı, kimyəvi təmizləmə və camaşırxana xidmətləri fəaliyyət göstərəcək.
Müasir texniki avadanlıqlarla təchiz olunduğu deyilən Konqres Mərkəzi isə 6500 kvadratmetr sahəni əhatə edir. Burada teatral üslubda 600, ziyafət üslubunda isə 350 nəfərlik tədbir zalları, iclas, konfrans otaqları və digər müxtəlif təyinatlı otaqlar yaradılıb.
Ekspertlər və araşdırmaçı jurnalistlər mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərdə bərpa və tikinti işlərinin qeyri-şəffaf keçirildiyini bildirirlər.
Araşdırma materiallarında bu kimi oxşar layihələrdə tenderin keçirilməsinin belə şübhəli olduğu qeyd olunur. Qanunvericilik isə bütün dövlət qurumlarının hesabatlılığa əməl etməli olduğunu vurğulayır.
İlham Əliyev isə mətbuata verdiyi açıqlamasında azad olunmuş ərazilərdə bütün bərpa, yenidənqurma işlərinin maksimum şəffaf şəkildə aparıldığını bildirmiş, tender prosedurlarına tam əməl edildiyini dilə gətirmişdi.