Tramp “Zəngəzur dəhlizi”nin açılması üçün ABŞ-ın iştirakını təklif edir 

Tramp “Zəngəzur dəhlizi”nin açılması üçün ABŞ-ın iştirakını təklif edir 

ABŞ Prezidenti Donald Trampın administrasiyasının Azərbaycan və Ermənistan arasında mübahisəli məsələlərdən biri olan “Zəngəzur dəhlizi”nin həlli üçün ABŞ-ın iştirakını təklif etdiyi bildirilir.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə iyulun 1-də Karneqi Rusiya və Avrasiya Mərkəzinin analitiki Olesya Vartanyan yazısında xəbər verib.

O, adını açıqlamadığı mənbələrə istinadən qeyd edib ki, Tramp administrasiyası təklifin həyata keçməsi üçün Azərbaycan və Ermənistana təzyiq edir.

“Bu gün danışıqları dirçəltmək iqtidarında olan yeganə oyunçu, bəlkə də, Birləşmiş Ştatlardır. Qlobal münaqişələrin həllindəki səylərini nümayiş etdirməyə can atan Tramp administrasiyası, daha əvvəl Avropa İttifaqının təklif etdiyi modelə bənzər, lakin Amerika strateji məntiqinə əsaslanan yeni bir plan irəli sürüb: ABŞ biznes subyektinin “Zəngəzur dəhlizi”ndə sabitləşdirici qüvvə kimi iştirakı. Bu, Ukraynada nadir metallar üzrə bağlanmış son sazişə bənzər şəkildə həyata keçirilə bilər”, – Vartanyan bildirib.

O hesab edir ki, Vaşinqton bu təklifin reallaşması yolunda irəliləməkdə qətiyyətli görünür və buna əsas səbəb Trampın Nobel Sülh Mükafatı qazanmaq arzusudur.

“Bir variant kimi, Bakıya Ermənistanın konstitusiyasını dəyişməsi tələblərindən imtina etməsi üçün təzyiq göstərilə bilər – məsələn, Əliyevi Ağ Evə dəvət etməklə. Lakin daha real ehtimal ondan ibarətdir ki, ABŞ Yerevana öz modelini qəbul etdirmək üçün təzyiq göstərəcək – bu, yekun sülhün gecikməsinə və sərhədlərin rəsmi olaraq bağlı qalmasına səbəb olsa belə”, – o əlavə edib.

Azərbaycan və Ermənistanın hələ martda sülh sazişinin mətni üzərində razılaşması xəbəri yayılsa da, saziş hələ də imzalanmayıb.

Ermənistan rəsmiləri bildirir ki, buna səbəb Azərbaycanın sülh razılaşmasını imzalamaq üçün şərtlər qoymasıdır. Bu şərtlər Ermənistanın Konstitusiyasından Azərbaycana dair ərazi iddialarını çıxarması və ATƏT-in Minsk qrupunun buraxılması üçün rəsmi müraciət etməsidir.

Azərbaycanı Naxçıvana birləşdirmək üçün nəzərdə tutulan “Zəngəzur dəhlizi”nin isə sülh sazişinin mətnində yer almadığı bildirilir. Buna baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında Ermənistanın “Zəngəzur dəhlizi”ni açmalı olduğunu deyib.

Editor

Related Posts