Mayın 6-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzi (IPIS) arasında Anlaşma Memorandumu imzalanıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu, BMTM-də “Regional proseslər kontekstində Azərbaycan–İran münasibətləri” mövzusundakı tədbir çərçivəsində gerçəkləşib.
Memoranduma əsasən, BMTM və IPIS arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan akademik mübadilənin reallaşdırılması, ortaq layihələrin icrası nəzərdə tutulub.
Daha sonra İranın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin (IPIS) rəhbəri, nazir müavini Səid Xətibzadə jurnalistlərin suallarını cavablandırıb.
O, bildirib ki, rəsmi Tehran Ermənistan və Azərbaycan arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsinə öz dəstəyini ifadə edir.
Xətibzadə 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilmiş silahlı basqından danışıb. Hadisəni törədən Yasin Hüseynzadə barəsində hökm icrasının gecikmə səbəbi barəsində məlumat verib.
“Azərbaycanın səfirliyinə hücum acı bir hadisə idi. Bu hadisədən sonra həm polis, həm də məhkəmə hakimiyyəti tərəfindən çox geniş istintaq aparıldı. Baxmayaraq ki, bu acı hadisə idi, amma hər iki xalqın təmaslarını daha da yaxınlaşdırdı. Hər iki tərəf münasibətləri yenidən canlandırmaq üçün təşəbbüslər irəli sürdü. İranın məhkəmə hakimiyyətində hökmün icrası üçün zəruri prosedurların başa çatması lazımdır. Bu məsələ xüsusi şikayət əsasında tənzimlənir və Azərbaycanın İrandakı səfirliyi bu məsələ ilə maraqlanır. Əminəm ki, ədalət qələbəsini çalacaq və hökm icra olunacaq”.