Sabiq Abdullayev dövlət məmuru olduğu zamandan biznes fəaliyyəti ilə məşğul olub.
Dövlət satınalmalarının vahid internet portalındakı məlumata görə, Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC şirkəti “AQS Group” MMC şirkəti ilə satınalma müqaviləsi imzalayıb.
Mədəniyyət Nazirliyi bu müqaviləni tender müsabiqəsi keçirmədən, “bir mənbədən” satınalma metodu əsasında imzalayıb.
Müqaviləyə əsasən, “AQS Group” şirkəti “Xarıbülbül” VIII Beynəlxalq Folklor Festivalının təşkili ilə əlaqədar xidmətləri həyata keçirəcək və bunun qarşılığında 2 milyon manata yaxın vəsait alacaq.
Şirkət əvvəllər də nazirliyin tabeliyindəki şirkətdən “Bir mənbədən” satınalma metodu əsasında tenderlər qazanıb.
Belə ki, keçən il Şamaxı şəhərinin Meysəri kəndində “Üzüm və Şərab Festivalı”nın keçirilməsi üçün 578.220,06 AZN və Şuşa şəhərində “Şuşa-İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi və İslam Dünyasının Mədəniyyət Forumu”nun təşkil edilməsi tədbiri üçün 892.670 AZN məbləğində tender udub.

Festival barədə bildiklərimiz
“Xarıbülbül” Musiqi Festivalı Şuşa şəhərində keçirilən beynəlxalq folklor festivalıdır. İlk dəfə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb.
Qarabağ münaqişəsinin başlaması və Şuşa şəhərinin işğal olunması ilə festivalın keçirilməsi mümkün olmayıb.
İkinci Qarabağ müharibəsi zamanı torpaqların işğaldan azad olunmasından sonra tədbirin keçirilməsinə yenidən başlanılıb.
Son 3 ildə may ayının ikinci həftəsində keçirilməsinə rəğmən, bu il festival hələ də keçirilməyib. Bunun səbəbi isə bəlli deyil.
Bəzi dövlətə yaxın media orqanları festival barədə xəbər dərc etsələr də, sonradan xəbərlər saytlardan yığışdırılıb.
Şirkət haqqında bildiklərimiz
Şirkətin saytında qeyd olunub ki, “AQS Group of Companies” – özündə 4 şirkəti birləşdirir:
AQS (Advanced Quality Solutions) – təşkilatınızın idarəetmə sisteminin təkmilləşdirilməsi üçün konsaltinq xidmətləri göstərir.
AIC Şirkəti – 2014-cü ildə təftiş şirkəti kimi yaradılıb və İsveçrə Mühəndislik Qrupunun (SEG) Azərbaycanda rəsmi tərəfdaşıdır.
Ekobüro – daşınmaz əmlak obyektlərinin ekoloji tələblərə uyğun sertifikatlaşdırılması üzrə ilk və yeganə qurumdur.
Best Cert şirkəti – rəsmi akkreditasiyaya malik olan yerli sertifikatlaşdırma orqanıdır.
Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, 30 may 2013-cü il tarixində dövlət qeydiyyatına alınan “AQS Group” MMC Səbail rayonu, Qüllə ev.16 ünvanında yerləşir.
Hazırda qanuni təmsilçisi Pərvin Məzahir oğlu Rəhimzadə olan MMC-nin nizamnamə kapitalı isə 10 manat təşkil edir.
Bəs şirkətin sahibi kimdir?
Şirkətin tarixçəsində isə ilk qanuni təmsilçi Sabiq Sabir oğlu Abdullayevdir. O, “Advanced Quality Solutions” şirkətinin (“AQS Group” MMC) baş direktorudur.
Sabiq Abdullayev şirkəti açdığı dövrdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru olub.
O, 2015-ci ildə isə xidmət rəisinin köməkçisi işləyib. 2017-ci ildən etibarən Dövlət Akkreditasiya Xidmətinin rəisi olub.

Dövlət məmuru olmuş Sabiq Abdullayev 2001-2004-cü illərdə Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirinin köməkçisi, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri olub.
Həmçinin 2004-2006-cı illərdə Kənd Təsərrüfatı Nazirliyində Beynəlxalq təşkilatlarla əməkdaşlıq üzrə direktor vəzifələrində işləyib.
2018-ci ildən etibarən Heydər Əliyev Fondunun əməkdaşıdır. Fondun layihələrinin koordinatoru vəzifəsində çalışır.

2024-cü ildə prezident İlham Əliyev tərəfindən “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub.
Azərbaycan qanunvericiliyinə görə,
Azərbaycan Respublikasında dövlət məmurlarının biznes fəaliyyəti ilə məşğul olması “Dövlət qulluğu haqqında” və “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunlar və digər normativ-hüquqi aktlarla tənzimlənir.
Bu qanunlara əsasən, dövlət məmurlarına biznes fəaliyyəti ilə məşğul olmaq ümumiyyətlə qadağandır, çünki bu, maraqlar toqquşmasına səbəb ola bilər və dövlət qulluğunun prinsiplərinə ziddir.
Bundan əlavə “Dövlət satınalmaları haqqında” Qanunun 44-cü maddəsində qeyd olunur ki, ehtimal olunan qiymət 100 min manat və ondan çox olduqda, satınalmalar açıq tender və ya ikimərhələli tender metodları tətbiq edilməklə keçirilir.
Bu araşdırmada bəhsi keçən qalib şirkətlə isə bir neçə dəfə 100 min manatdan çox müqavilələr imzalanıb.