Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda daha 66 gənc ümumtəhsil məktəblərində işlə təmin olunub

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən imtahanlarda müvafiq keçid balını toplayaraq ümumi təhsil müəssisələrinə vakant vəzifələrə işə qəbul edilən gənc kadrlarla görüş keçirilib.

Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil və ilk peşə ixtisas təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”na uyğun olaraq muxtar respublikada pedaqoji profilli ixtisasları bitirmiş gənclərin işə qəbulu üzrə müsabiqələr keçirilir. Bu isə səriştəli, bacarıqlı kadrların ehtiyac olan təhsil müəssisələrində yerləşdirilməsini təmin edir.

Nazir diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrinə vakant vəzifələrə işə qəbul üçün keçirilən imtahanların nəticəsinə uyğun olaraq 13 psixoloq, 14 uşaq birliyi təşkilatının rəhbəri, 15 laborant, 14 kitabxana müdiri, 5 kitabxanaçı və 5 tərbiyəçi olmaqla, ümumilikdə 66 nəfər işə qəbul olunub.

Qeyd olunub ki, 2018-ci ildən başlayaraq vakant vəzifələrə işə qəbulla bağlı keçirilən müsabiqələrdə yüksək nəticə göstərən 75 psixoloq, 55 uşaq birliyi təşkilatının rəhbəri, 53 kitabxana müdiri, 15 kitabxanaçı, 12 tərbiyəçi və 48 laborant olmaqla, ümumilikdə 258 gənc kadr məktəblərdə müvafiq vəzifələrə təyin olunub.

Rəhman Məmmədov yeni fəaliyyətə başlayan gənc kadrları təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Təhsil Nazirliyi Aparatının Ümumi təhsil şöbəsinin müdiri Abdulla Əsgərov və baş məsləhətçi-hüquqşünas Aygün Məmmədova müsabiqənin nəticələri və psixoloq, kitabxana müdiri, uşaq birliyi təşkilatının rəhbəri və laborantın vəzifə funksiyaları barədə məlumat veriblər.

Gənc kadrlar adından çıxış edən Ləman Aslanlı göstərilən qayğıya görə minnətdarlığını bildirib.

admin

Related Posts