Today Cümə, 20th İyun 2025
Birinci 24

Birinci 24

Ağdamda maaşını ala bilməyən vətəndaş intihara cəhd edib

Ağdamda maaşını ala bilməyən vətəndaş intihara cəhd edib

Sosial şəbəkələrdə Ağdam şəhərində fəhlənin intihara cəhd etməsini əks edən görüntülər yayılıb.

Videonu yayan vətəndaş bildirib ki, fəhlə işlədiyi şirkətin ona olan 13 min manat maaş borcunu ödəmədiyi üçün bu vasitəyə əl atıb.

FHN-dən verilən məlumata görə, nazirliyin xilasediciləri tərəfindən aparılmış söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb.

Mətbuatda yer alan məlumatlara görə, fəhlə “Friend” MMC-nin inşa işlərində çalışır.

“Friend” MMC 2019-cu il dövlət qeydiyyatına alınıb və Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətininin sifarişi ilə Ağdamda tikinti işləri aparır.

Qeydiyyata alındığı tarixdə şirkətin qanuni təmsilçisi Sevinc Cahangir qızı Qasımova olub.

Şirkətin tarixçəsində təmsilçi kimi onun atası Cahangir Seyfulla oğlu Qasımovun da adı göstərilir.

Cahangir Qasımov 2000-ci ilədək Bakı Şəhər Sərnişin Nəqliyyat İdarəsinin avtobus parklarında avto dəstə rəisi, istismar şöbə rəisi, baş mühəndis, direktor müavini, direktor vəzifələrində çalışıb.

2010-cu ildən “Akkord Nəqliyyat Servis MMC”-nin icraçı direktoru, 2015-ci ildən “Transqeyt MMC”-nin icraçı direktoru vəzifəsində çalışıb.

Hadisə ilə əlaqədar Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinindən münasibət öyrənmək mümkün olmayıb.

Ağdam Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

İH-dən təfərrüatlı məlumat verilməyib. Bildirilib ki, tikinti işğaldan azad olunmuş ərazilərdə aparılır və İH-nin səlahiyyəti xaricindədir.

Azərbaycanın Qarabağ bölgəsi və ətraf yeddi rayon təqribən 30 il işğal altında olub. İşğalın aradan qaldırılması ilə son illər Azərbaycan hökuməti orada bərpa-quruculuq işlərinə başlayıb.

Qarabağda tikinti və bərpa işlərinə dövlət büdcəsindən 2023-cü ildə 5,3 milyard, 2024-cü ildə 4,85 milyard, 2025-ci ilin ilk rübündə isə 738 milyon 383 min manat ayrılıb.

Mətbuatda tez-tez Qarabağda aparılan tikinti işlərində çalışan fəhlələrin maaşlarını ala bilməməsi ilə bağlı xəbərlər yer alır.

Yerli ekspertlər hesab edirlər ki, təkcə Qarabağın bərpası yox, ümumilikdə ölkənin tikinti sektorunda əmək münasibətləri çox zaman qanunvericiliyə uyğun qurulmur. Onların fikrincə, bu, xüsusilə əmək müqavilələrinin bağlanmaması və dövlət nəzarətinin zəifliyi ilə bağlıdır.

Editor

Related Posts