Bu gün Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Suriyaya nəqlinə başlanılması münasibətilə rəsmi mərasim keçirilib. Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir və Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həməd Əl-Sulaiti iştirak ediblər.
Azərbaycan qazının Suriyaya ötürülməsi Türkiyə və Azərbaycan arasında imzalanmış svop (əvəz) mexanizmi çərçivəsində həyata keçirilir. Layihənin maliyyə təminatını isə Qətər qarşılayır.
Verilən məlumata görə, Suriyaya nəql olunan qaz əsasən elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu addım sayəsində hazırda gündəlik 3–4 saatla məhdudlaşan elektrik verilişinin 10 saata çatdırılması hədəflənir.