Qarabağda rəssam İvan Ayvazovskinin heykəlinin sökülməsi və onun ətrafında yaranan “toponim müharibəsi” Azərbaycanla Rusiya arasında münasibətlərin gərginləşməsinin növbəti mərhələsi hesab olunur.
Ayvazovski 1817-ci ildə Krımda anadan olub, erməni əsillidir və dünyaca məşhur rəssamdır. Onun əsərləri Rusiya, Ermənistan, Ukrayna və digər ölkələrdə yüksək qiymətləndirilir.
Rusiya dövlət agentliyi “TASS” heykəlin sökülməsi ilə bağlı yazdığı məqalədə Qarabağın paytaxtını “Stepanakert” adlandırması Azərbaycanda qəzəblə qarşılanıb.
Azərbaycan dövlət agentliyi “AZƏRTAC” bu ifadəyə görə “TASS”a rəsmi şikayət göndərib. Daha sonra “TASS” məqalənin başlığını dəyişərək “Stepanakert” yerinə “Dağlıq Qarabağ”, sonra isə “Qarabağ” yazıb. Məqalədə “Artsax” (ermənilərin Qarabağa verdiyi ad) ifadəsi də yer alıb, bu da Azərbaycanda narazılıq yaradıb.
Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, heykəli Azərbaycan ərazisində Rusiya sülhməramlıları icazəsiz qoyub və bu, ölkənin suverenliyinə hörmətsizlikdir.
Rusiya deputatı Konstantin Zatulin heykəlin sökülməsini “barbarlıq” adlandırıb. Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Telegramda Ayvazovskinin rəsmlərini paylaşaraq bu addımı tənqid edib.
Avqustun 2-də isə Rusiyanın “Moskovskiy Komsomolets” qəzeti hadisə ilə bağlı məqalə yayımlayıb və məqalədə Azərbaycan nasist Almaniyası ilə müqayisə edilib.
“Ukraynadan sonra Bakı abidələrə müharibə elan etdi” adlı məqalədə Ayvazovskinin Qarabağda heykəlinin sökülməsi ilə nasistlərin hakimiyyətə gəlməsindən sonra Almaniyada fizik Henrix Hersin büstünün sökülməsi arasında paralel aparılıb.
Məqalənin müəllifi Marina Perevozkina yazıb ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, abidənin sökülməsinin əsas səbəbi Ayvazovskinin erməni mənşəli olmasıdır. O, bu kontekstdə qeyd edib ki, Henrix Hersin büstü də onun yəhudi kökəninə görə Karlsrue Universitetində sökülmüşdü – burada alim elektromaqnit dalğalarının mövcudluğunu sübut etmişdi.
Perevozkina yazır ki, Ayvazovskinin atası XVIII əsrdə Qərbi Ermənistandan Qaliçiyaya köçmüş ermənilərdən olub və rəssamın vəftiz sənədində onun adı “Ovanes Ayvazyan” kimi göstərilir.
“Onu Ermənistanla yalnız mənşə, qan bağı birləşdirirdi. Amma görünür ki, XXI əsrdə də bəzi insanlar üçün “qan” həlledici faktordur”, – deyə müəllif qeyd edib.
Daha sonra o, nasist Almaniyasında yəhudi əsilli şair Henrix Haynenin kitablarının yandırıldığını və 2013-cü ilin dekabrında Kiyevdə, “Euromaydan” zamanı Leninin heykəlinin söküldüyünü qeyd edib.
Azərbaycan və Rusiya arasında münasibətlərin gərginləşməsi AZAL təyyarəsinin 2024-cü ilin dekabrında qəzaya uğramasından sonra başlayıb.
Daha sonra Yekaterinburqda keçirilən xüsusi əməliyyat zamanı azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşlarının ölümü ilə bu gərginliyi daha da artıb. Bundan sonra Bakıda “Sputnik Azərbaycan”ın rəhbərliyi “FSB-yə işləməkdə” ittiham edilərək saxlanılıb. Bundan əlavə, daha 11 Rusiya vətəndaşı narkotik alveri və kibercinayətlərlə əlaqədar həbs olunub.
Avqustun 2-də isə Moskvada Ural bölgəsindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski saxlanılıb. Onun oğlu Mütəvəlli Şıxlinski isə iyulun 16-da Yekaterinburqda həbs olunmuşdu.
“Toponimlər savaşı” həm də Bakı əsilli Mixail Qusmanın “TASS”ın baş direktor müavini vəzifəsindən azad edilməsindən bir həftə sonra baş verib. Onun vəzifədən uzaqlaşdırılması prezident İlham Əliyevin də qatıldığı bir foruma getməsi ilə əlaqələndirilir.