Vəkil Aqil Layıc hüquqlarını müdafiə etdiyi ictimai fəal və İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyevin saxlanma şəraiti ilə bağlı Ombudsmana edilən müraciət nəticəsiz qaldığını deyir.
Birinci24 informasiya agentliyi xəbər verir ki, o, bu barədə avqustun 5-də sosial media hesabında məlumat yayıb.
Vəkilin sözlərinə görə, iyulun 1-də Ombudsman aparatına müraciət edərək Hacı Vəliyevin qeyri-insani rəftara məruz qalması ilə bağlı araşdırma aparılmasını istəyib.
“Onlar gedib yerində faktları müayinə etmək əvəzinə, Baş Prokurorluğuna müraciət ediblər. Baş Prokurorluq da müraciəti Sabunçu Prokurorluğuna göndərib. Hələ də Hacı Vəliyevin yanına məsələni araşdırmaq üçün qeyd edilən orqanlardan bir nəfər belə getməyib”.
Layıc əlavə edib ki, ölkədə hüquqi təminat sahəsində “xaotik vəziyyət” yaranıb.
“Əvvəllər heç olmasa imitasiya və dekorativ addımlar olurdu, indi isə bu belə yoxdur. Hüquq adına heç nə qalmayıb, biabırçılıqdır” – deyə o əlavə edib.
Hacı Vəliyev martın 31-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq və özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə maddələri ilə ittiham olunur.
Vəliyev müharibədə həlak olanların ailələrinin, müharibə iştirakçılarının problemlərini işıqlandırması və məmurları tənqid etməsi ilə tanınır.
O, martın 18-də polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan bir qrup qaziyə qarşı zorakılıq tətbiq etdiyini ictimailəşdirmişdi.
Vəliyev mayın 14-də məhkəmədə çıxışında deyib ki, o, “ictimai fəaliyyətinə, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial rifah məsələlərini dövlət qurumları qarşısında qaldırdığına və məmurları tənqid etdiyinə” görə həbs olunub.