Today Cümə axşamı, 7th Avqust 2025
Birinci 24

Birinci 24

Deputat Cavanşir Paşazadənin oğlu Azərbaycanda “Espressolab” şirkəti açır

Deputat Cavanşir Paşazadənin oğlu Azərbaycanda “Espressolab” şirkəti açır

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Məclisin deputatı Cavanşir Paşazadənin oğlu Şahin Paşazadənin qanuni təmsilçiliyi ilə yaradılan yeni şirkəti qeydiyyata alıb.

Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına görə, bu, “Espressolab Az” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Şirkətin hüquqi ünvanı paytaxtın Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev D1, mənzil 10 ünvanında yerləşir. “Espressolab Az” MMC-nin sayt domeni alınsa da, fəaliyyət istiqaməti açıqlanmayıb.

Keçən il həmin küçədə ev 1, mənzil 10 ünvanında isə “PS H” Məhdud Məsuliyyətli Cəmiyyəti də qeydiyyata alınıb. Bu şirkətin qanuni təmsilçisi Paşazadə Gülabə Ağahəbib qızıdır. Gülabə Paşazadə Şahin Paşazadənin anasıdır.

“Espressolab” Türkiyədə qəhvə satışı ilə məşğul olan məşhur kofeşop şəbəkəsinin adıdır. Hazırda şirkətin 11 ölkədə 335 şöbəsi fəaliyyət göstərir. Türkiyədən başqa, BƏƏ, Qətər, İtaliya, Böyük Britaniya, Bəhreyn, Səudiyyə Ərəbistanı və digər ölkələrdə də filialları mövcuddur.

2025-ci il martın 19-da Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyədə etirazlar başlayıb. Cümhuriyyət Xalq Partiyası (CHP) müəyyən markaları boykot etməyə çağırıb və #EspressolabBoycott həştəqi sosial mediada minlərlə dəfə paylaşılıb.

Şahin Paşazadənin Türkiyədə biznes şəbəkəsinin olduğunu araşdırmaçı jurnalistlər ortaya çıxarmışdılar. Belə ki, onun İstanbul, Antalya və Bodrumda “PS Lounge” (Pasazade Sahin) adlı restoranlar şəbəkəsi mövcuddur. Bar, restoran və qəlyanxana kimi fəaliyyət göstərən bu dəbdəbəli məkanlar Türkiyədə “GÜLBE İNŞAAT GIDA İTHALAT İHRACAT PAZARLAMA SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ” çətiri altında fəaliyyət göstərir.

“PS Lounge”nin rəsmi saytında qeyd edildiyinə görə, restoranlar şəbəkəsinin Bakıda da açılışı gözlənilir.

Deputat Cavanşir Paşazadə mövzu ilə bağlı jurnalistlərin sualına belə cavab vermişdi

“Oğlum Şahinin 45 yaşı var, özü bilər nə işlə məşğuldur. Tutaq ki, milyardı var, kimə nə dəxli?! Bu sualı mənim cavablandırmağım doğru olmaz”. 

Cavanşir Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qardaşıdır.

Editor

Related Posts